Monteneqronun qərb və cənub bölgələrində açıq ərazilərdə baş verən yanğınların söndürülməsinə ölkənin bütün yanğınsöndürən aviasiyası cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloyko Spayiç sosial şəbəkədə məlumat verib.
Baş nazir Xorvatiya və Bosniya və Herseqovina ilə sərhəddə yerləşən Herceq Novi bələdiyyəsində, həmçinin Albaniya sərhədindəki Ulçin şəhəri ətrafında yanğınlarla mübarizə aparan mütəxəssislərə təşəkkür edib.
“Əlimizdə olan bütün imkanlardan istifadə edirik. Bu o deməkdir ki, dövlətə məxsus üç “Air Tractor” təyyarəsinin hamısı əməliyyata cəlb olunub. Bu təyyarələr birlikdə 9 min litr su daşıya bilir. Bundan əlavə, icarəyə götürülmüş “An-32P Firekiller” təyyarəsi də əhəmiyyətli dəstək verir və bir uçuş zamanı 8 min litr su ata bilir”, – Spayiç bildirib.
Baş nazirin sözlərinə görə, Monteneqroda bu il yanğınların söndürülməsi imkanları ötən illə müqayisədə dörd dəfə artırılıb. Ölkə ordusunun helikopteri də əməliyyatlara dəstək verir.
Avqustun 13-nə keçən gecə Herceq Novi bələdiyyəsində böyük yanğın baş verib. Boko-Kotor körfəzi üzərindəki dağ yamaclarında başlayan yanğın nəticəsində elektrik xətti sıradan çıxıb və enerji təchizatı kəsilib. Bir neçə evin sakinləri təxliyə edilib.
Ertəsi gün isə Qaç ərazisində, Vladimir qəsəbəsi yaxınlığında və Ulçin bələdiyyəsinin ərazisində yeni yanğınlar başlayıb.
Bizim.Media








































































































