Çin iqtisadiyyatı dönüş nöqtəsinə yaxınlaşır. İxracın daha da sürətləndirilməsi dünya bazarında tələbin məhdud imkanları ilə toqquşaraq yeni ticarət münaqişələri dalğasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, Foreign Affairs nəşri Çinin iqtisadiyyatının sənaye istehsalından və xarici bazarlardan yüksək asılılığını təhlil edərək belə qənaətə gəlib.
Son 20 ildə Çinin ticarət profisiti rekord həddə çatıb. 2025-ci ildə bu göstərici təxminən 1,2 trilyon dollar təşkil edib. Hazırda dünya sənaye istehsalının təxminən 30 faizi Çinin payına düşür. 2030-cu ilə qədər bu göstəricinin 45 faizə çata biləcəyi proqnozlaşdırılır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qiymətləndirməsinə görə, Çinin sənaye sektorundakı artımın əhəmiyyətli hissəsi dövlət subsidiyaları hesabına təmin edilir.
Nəşr bildirir ki, şirkətlər gəlirlilik azalsa belə, istehsal həcmlərini artırmaqda davam edirlər. Problem xüsusilə avtomobil sənayesində özünü göstərir. Çin ildə təxminən 25 milyon elektrik və hibrid avtomobil istehsal etmək gücünə malikdir, halbuki daxili tələbat 12 milyon avtomobil ətrafındadır. Ölkənin ümumi avtomobil istehsalı gücü isə ildə təxminən 55 milyon ədədə çatır.
Çin ixracının artması artıq ticarət tərəfdaşlarına təzyiqi gücləndirib. Avropa İttifaqında Çin istehsalı elektrik avtomobillərinə rüsumlar tətbiq edilir. Almaniyanın Çinə avtomobil ixracı isə 2022-2025-ci illər arasında 66 faiz azalıb.
Foreign Affairs hesab edir ki, ticarət maneələrinin daha da genişləndirilməsi Çin mallarına xarici tələbatın azalmasına gətirib çıxara və xammal ixrac edən ölkələrə də ciddi zərbə vura bilər.
Bizim.Media







































































































