Gözlənildiyi kimi, Avropa Parlamentinin “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Dağlıq Qarabağ konfliktinə dair dünən Strasburqda qəbul elədiyi qətnamə işğalçı ölkə rəhbərliyində narahatlıq və etiraz doğurub.
“Avrioparlamentin Dağlıq Qarabağla bağlı qətnaməsi Avropa Birliyinin rəsmi mövqeyinə və həmsədr dövlətlərin mövqeyinə ziddir”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib. Onun sözlərinə görə, sənəd tövsiyə xarakterli olsa da, “onun müəllifləri dərk eləməlidirlər ki, sülh prosesinin pozula, vasitəçilərin səylərinin boşuna gedə biləcəyinə görə məsuliyyət daşıyırlar”.
Xatırladaq ki, qətnamədə işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılması tələb edilir; “Şərq tərəfdaşlığı proqramı”nda iştirak edən bir dövlətin digərinin ərazisini işğal etməsinin “Şərq tərəfdaşlığı”nın fundamental prinsipləri və məqsədlərinin pozulması olduğu xatırladılıb; bu xüsusda münaqişənin həllinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L”™Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. Xülasə, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz müdafiə edilib.





































































































