Kazan şəhərində kafelərdən birində yemək yedikdən sonra 33 nəfərdə bağırsaq infeksiyası aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tatarıstan üzrə Rospotrebnadzor İdarəsinin mətbuat xidməti “İnterfaks”a məlumat verib.
Belə ki, 12–13 sentyabr 2026-cı il tarixlərində Kazandakı “NAN Kebab N1” kafesinin məhsullarından istifadə edən 33 nəfərdə bağırsaq infeksiyası qeydə alınıb. Xəstələnənlərdən 22-də salmonella aşkarlanıb.
Bildirilir ki, xəstələrin hamısı sentyabrın 9–11-də kafedə şaurma, qapalı pizza və kabab yeyiblər.
Rospotrebnadzor tərəfindən aparılan araşdırma zamanı çoxsaylı pozuntular müəyyən edilib. Obyektdə sanitar-texniki və gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, məhsullar üçün sənədlərin və isti suyun olmadığı, istehsal prosesinin ardıcıllığına və qabların yuyulması rejiminə əməl edilmədiyi, həmçinin istifadə müddəti ötmüş məhsulların olduğu aşkarlanıb.
Ümumilikdə 44 kiloqram çəkidə 20 partiya məhsul satışdan çıxarılıb. Obyekt möhürlənib, materiallar məhkəməyə göndərilib.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən, üç yaxmada və beş məhsulda bağırsaq çöpü bakteriyaları aşkarlanıb. Bunlara pomidor, xiyar, kök, Pekin kələmi və pendirdən hazırlanmış doğramalar və yarımfabrikatlar daxildir. Bundan başqa, sarımsaqlı sousda və şaurma üçün xüsusi sousda salmonella müəyyən edilib. Aşpazdan, yəni şaurma hazırlayan işçidən də salmonella aşkarlanıb.
Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə İstintaq İdarəsinin məlumatına görə, xidmətlərin lazımi qaydada göstərilməməsi faktı üzrə Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Hazırda zəruri ekspertizalar təyin edilir və şahidlər dindirilir.
Bizim.Media

































































































