
Zəruri arayış:
Sərsəng su anbarı — 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş su anbarıdır. Hüquqi-inzibati baxımdan Azərbaycana məxsusdur.
Anbarın ümumi su tutumu
560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbar respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır.
26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını işğal etməklə, Tərtər–Kəlbəcər yolunu kəsib.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunmuş və məruzəçi təyin edilməsi ilə əlaqədar sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə yönləndirilməsi barədə təklif büro tərəfindən yekdilliklə qəbul edilmişdir. Bu qərar həmin gün büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənmişdir. Sərsəng su anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalamışdır. Sənəddə bildirilir ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir.2016-cı ilin yanvar ayında Avropa Surası Parlament Assambleyası Sərsəng su ambarı ilə bağlı 2085 saylı qətnamə qəbul etdi. Həmin ilin aprel may aylarında Azərbaycanda ABŞ Prezidentinə bu qətnamə ilə bağlı Petisiya unvanlandı. Petisiya 300 mindən artıq imza topladı. İmza toplama kampaniyasında Azərbaycanla yanaşı qardaş Türkiyə vətəndaşları da fəal iştirak etmişlər.
Sultan Laçın









































































































