Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

Hazırda oxunan: Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

609930

Pompeydə çalışan arxeoloqlar eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi zamanı həlak olmuş qədim şəhər sakinlərindən birinin üz cizgilərini süni intellekt vasitəsilə rəqəmsal şəkildə bərpa ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Məlumata görə, layihə qədim şəhərin divarlarından kənarda tapılmış insan qalıqları əsasında hazırlanıb.

Tədqiqatçılar hesab edirlər ki, həmin şəxs fəlakət zamanı xilas olmağa çalışıb və yaxınlığında aşkar olunan saxsı əşyadan düşən daş və kül parçalarından qorunmaq üçün sipər kimi istifadə edib.

Rəqəmsal təsvirində başını dairəvi keramik qabla örtən kişi alovlu səma və Vezuvi vulkanının püskürməsi fonunda göstərilib. Bu səhnə onun həyatının son anlarını canlandırır.
 

Bu gün UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən Pompey XVIII əsrdə yenidən aşkar olunub. Şəhər vulkan külü altında qaldığı üçün qədim Roma həyatının çox detallı izlərini bu günədək qoruyub saxlayıb.


Rekonstruksiyanın əsasında duran qalıqlar bir sıra əşyalarla birlikdə tapılıb. Onların arasında terrakota qab, yağ lampası, dəmir üzük və 10 bürünc sikkə olub.

Arxeoloqların fikrincə, bu tapıntılar həmin insanın həyatı və püskürmə zamanı sağ qalmaq cəhdləri barədə mühüm məlumat verir.

Tədqiqatçılar güman edirlər ki, kişi şəhərin artıq vulkanik material axınları ilə örtüldüyü fəlakətin ilkin mərhələsində həlak olub.
 

Şəklin yaradılması Pompey Arxeoloji Parkı və Padua Universitetinin birgə əməkdaşlığı nəticəsində mümkün olub. Rekonstruksiya zamanı sümük qalıqları, arxeoloji tapıntılar və elmi məlumatları vizual insan obrazına çevirən süni intellekt alqoritmlərindən istifadə edilib.


Pompey Arxeoloji Parkının direktoru Qabriel Zuxtriqel bildirib ki, bu gün toplanmış arxeoloji məlumatların həcmi o qədər böyükdür ki, süni intellekt olmadan onların tam işlənməsi getdikcə çətinləşir.

Onun sözlərinə görə, bu texnologiyadan düzgün istifadə klassik tədqiqatlara yeni yanaşma gətirə və arxeoloji kəşfləri geniş ictimaiyyət üçün daha anlaşıqlı, həm də emosional baxımdan daha təsirli edə bilər.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin