İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

Hazırda oxunan: İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

609958

İmtahanlar şagirdin həyatında yalnız bilik yoxlanışı kimi deyil, həm də bir psixoloji sınaq kimi iz qoyur. Bir çox şagird imtahan öncəsi və imtahan zamanı yüksək stress yaşayır. Bu vəziyyət onların bilik səviyyəsini əks etdirməyinə mane ola bilir. Bəzi hallarda yaxşı hazırlaşmış şagirdlər belə, həyəcan və gərginlik səbəbindən gözlənilən nəticəni göstərə bilmirlər. Bu isə imtahan nəticələrinin yalnız biliklə deyil, psixoloji vəziyyətlə də sıx bağlı olduğunu ortaya çıxarır.

Yaxın günlərdə 11-ci siniflərin buraxılış imtahanlarının nəticələrinin açıqlanması ilə bu məsələ yenidən aktuallaşıb.

Belə bir vəziyyətdə həm valideynlərin yanaşması, həm də şagirdlərin stressi idarə etməsi həlledici rol oynayır.

Psixoloq Aytən Ələkbərzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, aşağı nəticə hər zaman şagirdin məsuliyyətsizliyi ilə bağlı olmur:

“Bizə müraciət edənlərin içərisində dinlədiyim bir şey var: “Müəllimim deyir ki, sən bu gedişlə yüksək bal toplamayacaqsan”. Təbiidir ki, bu söz şagirdin beynində bir proqrama yerləşir və proqramın içərisində insan özünə mütəmadi olaraq “sən bacarmayacaqsan” deyir. İnsan nədən çox qorxursa o başına gəlir.  “Başqalarından yüksək bal toplamalısan” kimi müqayisəli sözlər şagirddə həm stressi artırır, həm də özünəinamsızlıq yaradır”.

İmtahan zamanı edilən səhvlərdən biri isə strategiyanın düzgün qurulmamasıdır. 

Şagirdlər imtahanda niyə gözlənilən nəticəni göstərə bilmir? 

Psixoloq bu məsələyə də münasibət bildirib: 

“Şagird bəzən deyir ki, çətin suallardan başlayım daha sonra asanlara keçərəm. Bu ən yanlış məqamlardan biridir. Stressin idarə olunması üçün sadə, amma effektiv üsullar da var. İmtahandan əvvəl qısa müddətlik nəfəs məşqləri və “mən bilirəm, sadəcə həyəcanlıyam” kimi daxili dialoq şagirdin özünü sakitləşdirməsinə kömək edir. 

Bundan əlavə, imtahan öncəsi rejim də vacibdir. Kifayət qədər yuxu, düzgün qidalanma və əvvəlcədən evdə imtahan şəraitinin yaradılması şagirdi psixoloji olaraq hazırlayır. Əvvəl gündə yarım saatdan başlamaqla 2-3 saata qədər vaxt qoyub test işləmək beyni buna öyrəşdirir”, – deyə Aytən Ələkbərzadə qeyd edib.

Psixoloqun sözlərinə görə, son 2 gün demək olar ki, heç bir testə baxmadan beyni sakit etmək də köməkçi vasitələrdəndir:  

“Uğursuz nəticə hər zaman zəif hazırlıq demək deyil. Bəzən əsas problem elə həyəcanının özüdür ki, bu həyəcanı azaltmaq da imtahana hazırlığın bir mərhələsidir”.

Xədicə Paşayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin