28 aprel 2026-cı il tarixində Qusar Rayon Mərkəzi Xəstəxanasında Azərbaycanın görkəmli oftalmoloq-alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında, oftalmologiya elminin fundamental əsaslarının yaradılmasında və yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında misilsiz xidmətlərini yad etmək, onun zəngin elmi irsini təbliğ etmək məqsədilə görkəmli alimin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərifə Əliyeva: elm və humanizm nümunəsi” mövzusunda tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qusar rayon İcra Hakimiyyəti məlumat verib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş stend önünə tər gül dəstələri düzülərək xatirələri yad edilib.
Tədbir rayon mərkəzi xəstəxanasının akt zalında davam etdirilib. Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra akademik Zərifə Əliyevanın şərəfli ömür yolu, zəngin elmi-pedaqoji fəaliyyəti, Ulu Öndər Heydər Əliyevlə birgə keçdiyi mənalı həyat yolundan bəhs edən sənədli videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov açaraq qeyd edib ki, akademik Zərifə Əliyeva XX əsr Azərbaycan tibb elminin ən parlaq simalarından biri olmaqla, oftalmologiya sahəsində bir sıra problemlərin elmi həllini vermiş, bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Direktor vurğulayıb: “Bu gün Qusar səhiyyəsində çalışan hər bir oftalmoloq özünü Zərifə Əliyeva məktəbinin davamçısı hesab edir. Bizim borcumuz onun ideyalarını yaşatmaq, xəstələrə göstərdiyi şəfqəti nümunə götürməkdir”.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, zəngin elmi-pedaqoji fəaliyyətindən bəhs edərək Zərifə xanım Əliyevanın təkcə alim deyil, həm də şəfqətli ana, vəfalı ömür-gün yoldaşı, yüksək mədəniyyətə və mənəviyyata malik ziyalı olduğunu diqqətə çatdırıb:
“Zərifə xanım bütün həyatını insanların sağlamlığına, minlərlə insana işıq, nur bəxş etməyə həsr edib. Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə xalqına xidmət edən Zərifə Əliyeva Azərbaycan qadınının zəka, mərhəmət, sədaqət və ziyalılıq keyfiyyətlərini özündə cəmləşdirən bir şəxsiyyət idi. İcra başçısı rayonda icra olunacaq infrastruktur layihələri ilə bağlı da qısa məlumat verib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov çıxışında vurğulayıb ki, insanlara şəfa vermək, onları sağlam həyata qaytarmaq ən ülvi və müqəddəs peşələrdən biridir.
Akademik Zərifə Əliyeva bu müqəddəs peşənin ən layiqli daşıyıcısı olub. O, təkcə görkəmli həkim-oftalmoloq kimi minlərlə insanın gözünə nur bəxş etməyib, eyni zamanda bacarıqlı pedaqoq, alim-müəllim kimi neçə-neçə gənc həkimin yetişməsində əvəzsiz rol oynayıb, fədakar ana, vəfalı ömür-gün yoldaşı kimi üzərinə düşən bütün şərəfli vəzifələri ləyaqətlə yerinə yetirib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxışında akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin mühüm məqamlarına toxunub. Sədr bildirib ki, Zərifə xanım yalnız elmi-nəzəri fəaliyyətlə kifayətlənən alim olmayıb.
Əksinə, görkəmli oftalmoloq mütəmadi olaraq respublikanın müxtəlif regionlarına, o cümlədən ucqar kəndlərə səfərlər edərək əhaliyə səyyar tibbi yardım göstərib, onun traxomaya qarşı apardığı qətiyyətli mübarizə nəticəsində bu ağır infeksion xəstəlik Azərbaycanda tamamilə aradan qaldırılıb. David İbramxəlilov qeyd edib ki, Zərifə Əliyevanın xalqının sağlamlığı naminə göstərdiyi bu fədakarlıq əsl vətəndaşlıq və humanizm nümunəsidir.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş səhiyyə işçilərinə üzvlük vəsiqələri təqdim edilib.















Aytəkin Alxaslı, Bizim.Media




































































































