Xəbər verildiyi kimi növbəti ildən 11-ci sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə dəyişikliklər ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva açıqlama verib.
Belə ki, imtahanda şagirdlərin yazı bacarığının yoxlanılması məqsədilə yeni tapşırıq əlavə olunur. Bu tapşırığa əsasən, şagirdlərdən minimum 100 sözdən ibarət esse yazmaq tələb olunacaq. K. Hacıyevanın sözlərinə görə, bu dəyişiklik nəzərə alınaraq imtahanın ümumi müddətinə 15 dəqiqə əlavə olunması planlaşdırılır.
Ümumiyyətlə, buraxılış imtahanında xarici dildən esseyə ehtiyac varmı və əlavə edilən vaxt minimum 100 sözlük esse yazmağa kifayət edəcəkmi?
Bu sual hazırda həm şagirdləri, həm də müəllimləri düşündürür.
Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elmin Nurinin fikrincə, yeni dəyişikliklər şagirdlərin analitik təhlil bacarıqlarının inkişafı naminədir:
“Hazırda 11-ci sinif buraxılış imtahanında xarici dil fənni üzrə mətn tipli tapşırıqlar, esse nümunələri ilk baxışdan şagird və müəllimlər üçün çətin görünsə də, bu fənnin məzmun xətlərinin daha yaxşı mənimsənilməsi baxımından hər bir abituriyent üçün vacibdir. Biz uzun illər qapalı test tapşırıqlarının diktə etdiyi faktorologiyadan asılı qalmışıq. Artıq faktorologiya öz yerini mühakimə bacarıqlarına verməlidir”.
Ekspert həmçinin qeyd edib ki, verilən vaxt tapşırığın yerinə yetirilməsi üçün kifayətdir:
“Əlavə müddətin 30, 45 dəqiqə, hətta 1 saat olmasını istəyənlər də var. Amma bir məsələni unutmayaq ki, bu qərarlar birdən-birə olmur. Bunlar ölçülüb-biçilir, müəyyən beynəlxalq təcrübələrə istinad edilir. Məsələn, hər suala verilən cavab müddəti hesablanaraq 15 dəqiqə əlavə edilir. Bu prinsip, düşünürəm ki, normaldır”.
Qeyd edək ki, sözügedən dəyişikliklər 2027-ci ildən etibarən tətbiq ediləcək.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:20 / 28.04.2026
Buraxılış imtahanında ESSE TƏLƏBİ – 15 dəqiqə yetərli OLACAQMI?
Hazırda oxunan: Buraxılış imtahanında ESSE TƏLƏBİ – 15 dəqiqə yetərli OLACAQMI?
Hazırda oxunan: Buraxılış imtahanında ESSE TƏLƏBİ – 15 dəqiqə yetərli OLACAQMI?
609888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































