Çinli alimlər saç tökülməsinə qarşı mübarizədə yeni texnologiya hazırlayıblar. Elektriklə işləyən xüsusi daraq aktiv maddələrin saç follikullarına daha dərindən çatdırılmasına imkan verir.
Bizim.Media xəbər verir ki, bu barədə “ZME Science” elmi nəşri məlumat yayıb.
Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələr zamanı yeni cihazın 28 gün ərzində tökülmüş tüklərin örtüyünü demək olar ki, tam bərpa etdiyini müəyyən ediblər.
İxtira zəif elektrik sahəsinin təsirinə əsaslanır. Bu sahə aktiv maddələrin dəriyə daha dərindən nüfuz etməsinə və birbaşa saç follikullarına çatdırılmasına kömək edir. Beləliklə, saçların böyüməsinə cavabdeh olan strukturlara daha effektiv təsir göstərmək mümkün olur.
Laboratoriya sınaqları zamanı yeni cihazın təsiri saç tökülməsinin müalicəsində istifadə olunan minoksidil preparatı ilə müqayisə edilib. Nəticələrə görə, elektrik darağı daha güclü effekt göstərib və 28 günlük sınağın sonunda siçanların tükləri demək olar ki, tam bərpa olunub.
Bununla belə, alimlər bildirirlər ki, texnologiya hələ klinikadan əvvəlki tədqiqat mərhələsindədir. Sınaqlar yalnız heyvanlar üzərində aparılıb və nəticələrin insanlara şamil edilməsi hələ tezdir.
Növbəti mərhələdə cihazın insanlar üzərində effektivliyi və təhlükəsizliyi yoxlanılacaq. Tədqiqatçılar həmçinin onun keçəlliyin müxtəlif formalarının müalicəsində nə dərəcədə təsirli olduğunu və nəticələrin uzunmüddətli olub-olmadığını müəyyənləşdirməlidirlər.
Əlavə sınaqlar uğurlu olarsa, yeni texnologiya gələcəkdə saç tökülməsinə qarşı mövcud müalicə üsullarına alternativ ola bilər.
Bizim.Media





































































































