Ukrayna Prezidenti Volodimir Zelenski Bundestaqın sədri Yuliya Klöknerlə Kiyevə gələcək yardımı, o cümlədən Almaniyanın gələn il üçün büdcəsində nəzərdə tutulan 11,6 milyard avronu müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə UNN Ukrayna Prezidentinin Ofisinə istinadən məlumat yayıb.
Görüş zamanı Zelenski Rusiyanın Ukraynanın şəhər və qəsəbələrinə endirdiyi zərbələrin nəticələri barədə danışıb. Onun sözlərinə görə, Rusiya ordusu enerji infrastrukturu və logistika obyektlərinə zərbələr endirməkdə davam edir, ölkənin bir çox bölgəsində isə elektrik enerjisi təchizatında ciddi fasilələr yaranıb.
Tərəflər həmçinin Almaniyanın Ukraynanın enerji sektoruna hansı əlavə dəstəyi göstərə biləcəyini və onu Rusiyanın raket və pilotsuz uçuş aparatlarının hücumlarından qorumağa necə kömək edə biləcəyini müzakirə ediblər.
“Almaniyanın xalqımızın həyatını qorumaq, enerji sektorumuzu dəstəkləmək və Rusiyanın bu müharibəyə görə məsuliyyət daşıması üçün birgə fəaliyyət göstərmək istiqamətindəki liderliyini yüksək qiymətləndiririk”, – deyə Zelenski vurğulayıb.
Həmsöhbətlər gələn il üçün maliyyə yardımına da xüsusi diqqət yetiriblər. Ukrayna Prezidenti Almaniyaya federal büdcədə bu məqsədlər üçün 11,6 milyard avro nəzərdə tutulduğuna görə təşəkkür edib.
“Müharibəni mümkün qədər tez başa çatdırmaq üçün əlimizdən gələni edirik, lakin Ukraynanı və müstəqilliyimizi qorumağa hazır olmalıyıq. Bütün ehtiyaclarımızı anladığına görə Almaniyaya təşəkkür edirik və qərarın qəbul olunacağına ümid edirik”, – deyə Ukrayna lideri bildirib.
Bizim.Media































































































