Bundan sonra subay adam qalmayacaq – Elçiliyi ChatGPT edir

Hazırda oxunan: Bundan sonra subay adam qalmayacaq – Elçiliyi ChatGPT edir

645794

Sevgili tapmaq, evlənmək üçün dostlardan kömək istəmək, tanışların vasitəçiliyindən istifadə etmək, sosial şəbəkələrdə profillərə baxmaq artıq geridə qalıb. İndi bu işə süni intellekti qoşublar. Gənclər, xüsusilə də tanışlıqda çətinlik çəkən kişilər Chatgpt ilə özlərinə uyğun sevgili tapmaq, ilk mesajlaşma, hətta münasibətin sonrakı inkişaf mərhələsi üçün də istifadə edirlər.

Təsəvvür edin, bir kişi Chatgpt-yə müraciət edir və özünü ətraflı təsvir edir: yaşı, təhsili, işi, evi, xarakteri, maraqları, həyat tərzi haqqında məlumat verir və qarşı tərəfdən də nə istədiyini deyir. Hətta təxmini bir obraz təsvir edir, yaxud hazır şəkillərdən göstərir ki, bax buna bənzər qız istəyirəm. Chatgpt də “çadrasını salıb başına” başlayır qız axtarışına.  

Sevgili axtarışında yeni dövr

Süni intellekt bu məlumatlar əsasında tanışlıq platformalarına yönəldir, oradan uyğun qızları dərləyib-toplayır, seçim edir və qızıl sinidə gətirib qarşısını çıxarır. Sonrakı prosesdə hətta qızın kölünü necə almağı, necə yazışmağı da öyrədir.

Bu tendensiya hazırda xaricdə çox işləkdir. Bizim sibaylar nə qədər istifadə edir, hələlik rəqəm bilinmir, ya da çoxu xəbərsizdir. Amma məsələn, 2025-ci ildə Aleksandr Jadan adlı şəxs Chatgpt-dən istifadə edərək Tinder-də onun əvəzinə minlərlə qadının profillərini nəzərdən keçirən və yazışmalar aparan sistem qurmuşdu. O, 5 mindən çox qadınla beləcə ünsiyyət yaradıb, nəhayət gələcək həyat yoldaşı ilə tanış olmuşdu.

Lakin sual yaradır: Qarşı tərəf kiminlə tanış olur – real insanla, yoxsa onun elçiliyini edən çhatgpt ilə?

The Guardian qəzetinin 2026-cı il oktyabrın 31-ə qədər olan sorğusuna görə təkcə Britaniyada xüsusən Z nəslinin nümayəndələri arasında özlərinə Sİ ilə sevgili tapanlar 66 faiz olub. Kifayət qədər böyük göstəricidir. Burada narahatedici bir məsələ var, süni intellekt yalnız insanların bir-biri ilə tanış olmasına kömək etmir, bəzi insanlar artıq birbaşa onun vasitəsilə romantik münasibət qurmağa çalışırlar.

Bəs bu adamlar üz-üzə gələndə necə olacaq? İlk görüşdə telefonlar kənara qoyulanda insanlar bir-birini həqiqətən tanıya biləcəklərmi?

Ən böyük təhlükə məhz budur, qarşımızdakı insanın nə qədərinin özünə aid olduğunu bilmirik. Üstəlik, daha bir dəyərli xüsusiyyəti, yəni səmimiyyəti də aradan qaldırır. “Chatfishing” adlandırılan bu yeni tanışlıq problemi saxta ünsiyyəti formalaşdırır. Axı sevgili tapmaq yalnız uyğun yaş, təhsil, görünüş və maraqları üst-üstə düşən iki insanı müəyyənləşdirmək deyil. Münasibətin əsasını canlı ünsiyyət, qarşılıqlı hisslər, davranışlar təşkil edir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin