Bu gün Bakıda və digər mərkəzi şəhərlərdə köhnə tikililər sökülərək yerində yeni binalar inşa olunur. Bu nə qədər müsbət hadisə olsa da proseslərin gedişində ortaya çıxan problemlər vətəndaşları ciddi şəkildə narahat edir.
Narahatlıq doğuran əsas məsələ alqı-satqı zamanı mənzilin sahəsinin müəyyənləşdirilməsinə fərqli yanaşmaların olmasıdır.
Məsələn, tikinti şirkətləri sahəni alarkən texniki pasportda qeyd edilməyən sahəyə ya ödəniş etmirlər, ya da çox cüzi ödənişlər olur.
Bunun əksinə mənzil satarkən tikinti şirkətləri binanın çöldən-çölə sahəsini hesablayır və ödənişi də buna görə tələb edirlər. Nəticədə vətəndaşlar köhnə mənzillərini satarkən və yaxud yeni mənzil alarkən çox ciddi şəkildə haqsızlıqla üzləşirlər.
Elə isə bu məsələdə niyə vahid yanaşma tətbiq olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc təəssüflə bildirib ki, bu gün mənzil sahəsinin hesablanmasına fərqli yanaşma var:
“Mənzil satan MTK-lar və digər tikinti şirkətləri vətəndaşla müqavilə bağlayanda bütün sahələri - həm tikinti altını, həm divarların altını, həm də eyvanları orada əks etdirirlər. Məsələn satılan bir mənzilin sahəsi müqavilədə 150 kvadratmetr göstərilir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarış verərkən tikinti altını və divarları ümumi sahə kimi hesablamır. Eyvan sahəsi isə 0,3 əmsalla hesablanır. Nəticədə müqavilədə göstərilən 150 kvadratmetr olur 125-130 kvadratmetr. Yalnız o zaman vətəndaş çox ciddi şəkildə uduzduğunu başa düşür. Özü də kifayət qədər böyük miqdarda pul nisbəti ilə. Lakin uduzduğunu və düşdüyü ziyanı heç cür kompensasiya etdirə bilmir”.
Bəs, qanunvericilik nə deyir?
Müsahibimiz bildirib ki, bu məsələ Mənzil Məcəlləsinin 12.5 maddəsində təsnif olunub:
“Lakin həmin maddədə mənzil sahəsinin necə hesablanması dəqiq göstərilmir. Sadəcə qeyd edilir ki, mənzilin ümümi sahəsi vətəndaşın istifadə etdiyi sahədən və yardımçı sahədən ibarətdir:
“Bax, qanunvericilikdəki bu boşluqdan tikinti şirkətləri öz maraqları üçün məharətlə istifadə edirlər. Hesab edirəm ki, Mənzil Məcəlləsinə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi indiki halda çox vacibdir. Mənzil sahəsinin hesablanması qaydası sadə, aydın və hər kəsin başa düşəcəyi dildə qanunvericilikdə öz əksini tapmalıdır”.
Söküntü zamanı da vətəndaşlar aldadılır?
Vüqar Oruc qeyd edib ki, mənzil söküntüsü zamanı kompensasiyanın ödənişi zamanı da fərqli yanaşma var:
“Söküntünü aparan şirkətlər bir çox hallarda texniki pasporta görə kompensasiya ödəyirlər. Bu cür yanaşma da doğru deyil. İstər mənzil satılarkən, istərsə də kompensasiya ödənilərkən mənzil sahəsinə vahid yanaşma olmalıdır. Hazırkı vəziyyətdə vahid yanaşma olmadığı üçün vətəndaşların hüquqları pozulur”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 04.11.2026
Mənzili alanda 150, çıxarışda 125 kvadratmetr – Vətəndaşlar necə aldadılır?
Hazırda oxunan: Mənzili alanda 150, çıxarışda 125 kvadratmetr – Vətəndaşlar necə aldadılır?
Hazırda oxunan: Mənzili alanda 150, çıxarışda 125 kvadratmetr – Vətəndaşlar necə aldadılır?
645768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































