Çin “panda diplomatiyası” çərçivəsində Pinpin və Fuşuan adlı pandaları 10 illik müddətə ABŞ-a göndərib.
Bizim.Media xəbər verir ki, Çinin Çendu şəhərindəki elmi mərkəzin “sakinləri” olan pandalar Atlanta şəhərindəki zooparkda mühafizə olunacaq. Pandalar üçün Çendukı mərkəzdə yolasalma mərasimi də təşkil olunub.
Pandaların təyyarə ilə Sakit okean üzərindən təhlükəsiz və rahat səyahəti təmin etmək məqsədilə təzə bambuk tumurcuqları, meyvə və təcili yardım üçün dərmanlar tədarük edilib.
Pandalar, həmçinin stres və narahatlığı azaltmağa kömək edəcək nəqliyyat şəraitinə uyğunlaşma təlimlərindən keçib.
Səyahət zamanı təyyarə salonunda temperatur və rütubət pandalar üçün uyğun səviyyədə saxlanılıb. ABŞ-dan olan təcrübəli baytarlar və baxıcılar uçuş zamanı pandaların sağlamlıq vəziyyətinə real vaxt rejimində nəzarət edib, həmçinin qidalanma ehtiyaclarını qarşılayıblar.
Atlantaya çatdıqdan sonra pandalar karantin və sağlamlıq müayinələrindən keçiriləcək. Çinli mütəxəssislər karantin müddətində zooparkda pandalara qayğı göstərəcək, eyni zamanda, davranış təlimi vasitəsilə yeni mühitə uyğunlaşmağa kömək edəcəklər.
Qeyd edək ki, bu, Atlanta heyvanxanasının Çin ilə ilk panda əməkdaşlığı deyil. Lunlun və Yanyan adlı pandalar 1999-2024-cü illərdə Atlanta zooparkında mühafizə olunub. Həmin dövrdə 5 dəfə nəsil artımı baş verib və 7 bala dünyaya gəlib. Həmin pandaların hamısı Çendu panda yetişdirmə mərkəzindədir.
Çin və ABŞ arasında pandaların mühafizəsi sahəsindəki əməkdaşlıq Çinin vəhşi təbiətin qorunması üzrə uzunmüddətli və genişmiqyaslı beynəlxalq təşəbbüslərindən biridir. 1972-ci ildə ABŞ-ın ovaxtkı Prezidenti Riçard Niksonun Çinə səfərindən 2 ay sonra Linlin və Sinsin adlı pandalar ABŞ-a göndərilib.
Ötən dövrdə tərəflər pandaların davranışı, qidalanması, genetikası və xəstəliklərin qarşısının alınması kimi əsas sahələrdə birgə tədqiqatlar apararaq, çoxalma texnikalarında mühüm nailiyyətlər əldə ediblər.
Bu əməkdaşlıq sayəsində ABŞ-dakı pandalardan indiyədək 17 bala doğulub.
Çinin "panda diplomatiyası" pandaların dostluq və xoş niyyət göstəricisi kim digər ölkələrə göndərilməsi təcrübəsidir. 1954-1983-cü illərdə keçmiş Sovet İttifaqı, Şimali Koreya, ABŞ, Böyük Britaniya daxil olmaqla 9 ölkəyə dostluq jesti kimi pandalar göndərilib. 1984-cü ildən isə pandalar xarici ölkələrə ayı 50 min ABŞ dollarına icarə əsasında göndərilir.
1991-ci ildən qüvvəyə minən qərara görə pandalar digər ölkələrə icarə haqqı ili 1 milyon dollarədək olmaqla 10 illik icarəyə verilir. Bu müddətdə xaricdə doğulan bala pandalar Çinin mülkiyyəti hesab olunur və icarə müddətinin sonunda valideynləri ilə birlikdə Çinə qaytarılmalıdır.


Bizim.Media





































































































