İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışının "sürprizlərlə" müşayiət olunacağını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
"Mən bu axşam BMT tribunasından İsraili və SAXAL (İsrail Müdafiə Ordusu) əsgərlərini müdafiə etmək üçün Nyu-Yorka yola düşürəm", – deyə Netanyahu öz dəftərxanası tərəfindən yayımlanan videoçarxda bildirib.
İsrail Baş nazirinin sözlərinə görə, BMT platformasında İsrail barədə "dəhşətli yalanlar" yayılır.
"Mən bu yalanlarla mübarizə aparacağam, həqiqət uğrunda, əsgərlərimiz və ölkəmiz üçün döyüşəcəyəm. Sürprizlər də olacaq", – deyə Netanyahu konkret olaraq nəyi nəzərdə tutduğunu dəqiqləşdirmədən əlavə edib.
Qeyd edək ki, Netanyahunun bu çıxışı İsrailin fəaliyyətinə və Qəzzadakı müharibəyə qarşı kəskin beynəlxalq tənqidlərin fonunda baş tutacaq. İsrail Baş naziri bundan əvvəl də öz ölkəsinin addımlarını müdafiə etmək və rəqiblərini tənqid etmək üçün BMT tribunasından dəfələrlə istifadə edib.
Bizim.Media









































































































