Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yüksək səviyyəli ümumi müzakirələr başlayır.
Bizim.Media xəbər verir ki, sentyabrın 28-dək davam edəcək müzakirələr “Etimadın bərpası, transformasiyanın idarə edilməsi: hamı üçün nəticə verən BMT” mövzusuna həsr olunub.
Dünya liderlərinin çıxışlarında Yaxın Şərqdəki müharibələr, Rusiya–Ukrayna münaqişəsi, süni intellektin yaratdığı çağırışlar, iqlim dəyişikliyi, dayanıqlı inkişaf və BMT-də islahatların əsas yer tutacağı gözlənilir.
İlk günün səhər iclasını BMT-nin Baş katibi Antonio Quterreş və Baş Assambleyanın 81-ci sessiyasının sədri Xəlilur Rəhman açacaqlar. Dövlətlər arasında ənənəvi olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula da Silva edəcək. Ondan sonra BMT-nin yerləşdiyi ölkənin rəhbəri kimi ABŞ Prezidenti Donald Tramp tribunaya qalxacaq.
Səhər iclasında, həmçinin İordaniya Kralı II Abdullah, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarov, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, eləcə də Litva, Peru, Çili, Lüksemburq və Anqolanın rəhbərlərinin çıxışları nəzərdə tutulub.
Ümumi müzakirələrdə İran Prezidenti Məsud Pezeşkian, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin Baş naziri Benyamin Netanyahu və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışları da yer alacaq.
Bizim.Media






























































































