Beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumunun məlumatına görə, Donald Trampın ABŞ Prezidenti vəzifəsinin icrasına başlamasından bəri Vaşinqton, bu insanlarla heç bir əlaqəsi olmayan üçüncü ölkələrlə bağlanmış gizli sazişlər çərçivəsində 25 mindən çox miqrantı deportasiya edib.
Bizim.Media xəbər verir ki, "Deportation Project" layihəsi çərçivəsində 24 media qurumunun apardığı araşdırmaya istinadən "Forbidden Stories" jurnalist şəbəkəsi xəbər verir ki, ABŞ administrasiyası bu məqsədlər üçün 410 milyon dollar vəsait ayırıb.
Aralarında "The Washington Post" və "The Guardian" qəzetlərinin əməkdaşlarının da olduğu jurnalistlər konsorsiumu qeyd edir ki, deportasiya edilənlərin böyük hissəsi — təxminən 20 mini — avtobuslarla Meksikaya göndərilib, qalanları isə təyyarələrlə Latın Amerikası, Karib hövzəsi, Afrika, Mərkəzi Asiya və Sakit okean regionunun 27 ölkəsinə daşınıb.
“Deutsche Welle”nin ötürdüyü məlumata görə, deportasiya olunanlar arasında öz ölkələrində həyati təhlükə, müharibə və ya siyasi təqiblə üzləşən şəxslər də var. Odur ki, ABŞ məhkəmələri həmin insanları öz ölkələrinə qaytarmamaq barədə qərar çıxarıb.
Araşdırmada İran, Əfqanıstan, İraq, Qırğızıstan, Sierra-Leone və Qana vətəndaşlarının Afrika ölkələrinə deportasiya edilməsi halları misal gətirilir. Bu cür deportasiyaların real sayının daha çox ola biləcəyi qeyd edilib.
Bizim.Media




































































































