Serbiya Prezidenti Aleksandar Vuçiç Nyu-Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının iclaslarında bir sıra ölkələrin liderləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, "Novosti" nəşrinin məlumatına görə, o, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı aparacağına ümid edir.
Vuçiç səfərin əsas məqsədlərindən birinin Kosovo və Metoxiyadakı serblərin təhlükəsizliyi olduğunu vurğulayıb. O, həmçinin Ukrayna və Yaxın Şərqdəki münaqişələrin səbəblərinin hələ aradan qaldırılmadığını qeyd edib.
Rusiya ilə qaz təchizatı müqaviləsinin başa çatmaq üzrə olduğunu xatırladan Serbiya lideri Moskva ilə qaz tədarükü və "NIS" neft şirkətinin vəziyyəti üzrə danışıqları davam etdirməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, ölkənin qaz ehtiyatları təxminən 690 milyon kubmetr həcmində dolub, neft sahəsində isə vəziyyət daha mürəkkəbdir.
Vuçiç Serbiyanın heç bir hərbi düşərgəyə qoşulmaq istəmədiyini, münaqişələrdən yayınmaq niyyətində olduğunu və həm Aİ, həm də Rusiya və ABŞ ilə münasibətləri qoruyub saxlamağın vacibliyini bəyan edib.
Bizim.Media




































































































