ABŞ-ın müttəfiqləri ehtiyatların saxlanması, müdafiə, texnologiya və təhsil sahələrində Vaşinqtondan asılılığı azaltmağa başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Axios yazıb.
Nəşrin qiymətləndirməsinə görə, ABŞ-dan asılılığın hətta məhdud şəkildə azaldılması belə Vaşinqtonun iqtisadi və geosiyasi üstünlüklərini zəiflədə bilər.
Portal qeyd edir ki, bunun ən nəzərəçarpan siqnallarından biri Niderlandın ABŞ və Kanadadan 86 ton qızıl çıxarmaq qərarıdır. Amsterdam bu addımı “ekstremal sistem risklərindən” qorunmaqla izah edib. Fransa daha əvvəl Nyu-Yorkda saxladığı bütün qızıl ehtiyatlarını ölkəyə qaytarıb, Almaniyada isə analoji addımın atılması müzakirə olunur. Norveçin suveren sərvət fondu da ABŞ dövlət istiqrazlarına yatırımları azaltmaq niyyətini açıqlayıb.
Avropa ölkələri eyni zamanda müdafiə və texnologiya sahələrində ABŞ-dan asılılığı azaltmağa çalışırlar. Onlar yerli istehsal olunan silahların alınmasını artırır, Avropa İttifaqı isə ABŞ-ın bulud xidmətlərindən asılılığı azaltmağa yönəlmiş qaydalar hazırlayır.
Axios ABŞ-a fərdi marağın da azaldığını bildirir. Son qəbul dövründə Amerika kolleclərinə beynəlxalq müraciətlərin sayı 10% azalıb. 2025-ci ildə ABŞ-a beynəlxalq turist səfərləri 5,5%, Kanada və Almaniyadan gələn turistlərin sayı isə 25% azalıb.
Bununla belə, söhbət müttəfiqlərin Vaşinqtonla əməkdaşlıqdan tam imtina etməsindən getmir. Dollar hələ də dominant mövqeyini qoruyur, Avropa ölkələri müdafiə sahəsində böyük ölçüdə ABŞ-ın hərbi gücünə arxalanmaqda davam edir. ABŞ həmçinin xarici tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır.
Hazırda xüsusilə Almaniya, İtaliya və İspaniyada milli qızıl ehtiyatlarının ABŞ-da saxlanılmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr güclənir.
Bizim.Media



































































































