İsveçdə parlament seçkiləri başladı

Hazırda oxunan: İsveçdə parlament seçkiləri başladı

636374

İsveçdə ölkə tarixində ilk dəfə ifrat sağçıların hökumətə gəlməsinə və ya sol mərkəzçi müxalifətin hakimiyyətə qayıtmasına səbəb ola biləcək parlament seçkiləri üzrə seçki məntəqələri açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Kampaniyanın son günlərinə qədər solçu partiyalar ölkənin baş naziri Ulf Kristerssonun sağ mərkəzçi blokunu nəzərəçarpacaq dərəcədə qabaqlayırdılar, lakin səsvermə öncəsi bu fərq demək olar ki, sıfıra enib.
 

Sol mərkəzçi blok İsveç Sosial Demokrat Fəhlə Partiyasının rəhbərlik etdiyi dörd partiyanı birləşdirir. 2021–2022-ci illərdə baş nazir postunu tutmuş partiya lideri Magdalena Andersson Stokmholmda keçirilən seçki mitinqində səsvermə nəticələrinin həddindən artıq gərgin keçəcəyini bildirib.


"İndi hər şey seçicilərdən asılıdır: onlar tamamilə "İsveç Demokratları" tərəfindən idarə olunan hökumət istəyirlər, yoxsa mənim başçılıq etdiyim hökumət?", – deyə Andersson qeyd edib.

Ölkənin ən böyük partiyası olaraq qalan sosial-demokratlar sosial təminat sistemini gücləndirməyi və yaşayış dəyərinin artması səbəbindən çətinlik çəkən ev təsərrüfatlarına kömək etməyi vəd edirlər.

Öz növbəsində, mühafizəkar dördpartiyalı alyansa rəhbərlik edən Kristersson artıq isveçlilərin gündəlik həyatının yaxşılaşdırılmasına diqqət yetirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, hökumətin mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri artıq lazımi nəticələri verib.
 

Cinayətkarlıq problemi kampaniyanın əsas mövzularından birinə çevrilib. On ildən artıqdır ki, İsveç cinayətkar qruplaşmalarla əlaqəli qətllər və partlayışlarla üzləşir. Son illərdə zorakılıq səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, sığınacaq üçün müraciətlərin sayı isə rekord həddə enib.


2022-ci ildə Kristerssonun üçpartiyalı hökuməti ifrat sağçı "İsveç Demokratları" ilə saziş bağlayıb. Bu razılaşma sayəsində partiya parlamentdə hökumətə dəstək müqabilində əsasən miqrasiya və cinayətkarlıq məsələlərində dövlət siyasətinə təsir imkanı əldə edib.

İndi "İsveç Demokratları"nın lideri Cimmi Okeson ilk dəfə hökumət tərkibinə daxil olmağı gözləyir. Kristersson sağ blokun qələbəsi halında ifrat sağçılara əsas nazir postlarını verəcəyini vəd edib. Gözlənilir ki, Okeson miqrasiya ilə bağlı portfel əldə edə bilər.

Stokholmda keçirilən yekun mitinqdə Okeson tərəfdarlarına  "Biz artıq qalib gəldik!" – deyə müraciət edib. Onun sözlərinə görə, İsveç "daha təhlükəsiz, daha yaxşı" olacaq.
 

Seçkilərdə təxminən səkkiz milyon insanın iştirak hüququ var. Seçki məntəqələri yerli vaxtla səhər saat səkkizdə açılıb və axşam saat səkkizdə bağlanacaq. İsveçdə seçici fəallığı adətən 80%-i ötür, seçicilərin təxminən yarısı isə vaxtından əvvəl səs verib.


Sağ blok qalib gələcəyi təqdirdə yeni hökumətin formalaşdırılması nisbətən sadə olacağı gözlənilir. Solçuların qələbəsi halında isə dörd partiya koalisiya qurmaq üçün ciddi ideoloji fikir ayrılıqlarını dəf etməli və mürəkkəb danışıqlar aparmalı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin