ABŞ Silahlı Qüvvələri Hörmüz boğazına nəzarəti saxlayır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşımında bildirib.
«ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, bu nəzarəti qoruyacağıq! Hamının adlandırdığı kimi, bizim hərbi-dəniz blokadamız polad divardır və İran bununla bağlı heç nə edə bilməz», – deyə Tramp yazıb.
ABŞ prezidenti İranın hərbi imkanlarını da sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, İranın hərbi-dəniz və hərbi-hava qüvvələri yoxdur, ölkə əsgərlərinə maaş verilmir, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ağır məğlubiyyətə uğrayıb və ölkə rəhbərliyi «ən yaxşı halda qeyri-müəyyən vəziyyətdədir».
Tramp həmçinin İranda inflyasiyanın 300 faizə çatdığını iddia edib.
O, İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu bildirərək ölkənin «pulunun olmadığını» və vəziyyətin daha da pisləşdiyini qeyd edib.
«Onların sahib olduğu yeganə şey saxta xəbərlər və 300 faizlik inflyasiyadır və bu göstərici daha da artır! İran yalnız danışır, amma heç nə etmir. O, artıq Yaxın Şərqin xuliqanı deyil. Allaha şükür!» – deyə Tramp bildirib.

Bizim.Media































































































