Artıq məktəbəhazırlıq qruplarına 100 mindən çox uşaq qəbul olunub. Oktyabrın 1-dən etibarən məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün dərs ili başlayacaq.
Bəzi valideynlər isə məktəbəhazırlığın zəruri olub-olmaması ilə bağlı tərəddüd edir və övladlarını birbaşa birinci sinfə göndərməyə üstünlük verirlər. Halbuki mütəxəssislər məktəbəqədər hazırlığın uşağın həm təhsil, həm də sosial-psixoloji baxımdan məktəbə uyğunlaşmasında mühüm rol oynadığını vurğulayırlar.
Maraqlı məqamlardan birini də sentyabrın 15-də müşahidə etdik. Belə ki, ilk dərs günündə ağlayan, məktəbə getmək istəməyən birincilərin əksəriyyətinin daha əvvəl məktəbəhazırlıq qruplarında iştirak etməyən uşaqlar olduğu öyrəndik.
Bizim.Media ilə fikirlərini bölüşən psixoloq Nabat Mirzəyeva da deyir ki, keyfiyyətli məktəbəhazırlıq təhsili uşağın məktəbə keçidində mühüm rol oynayır:
“Məktəbəhazırlıq mühitində uşaq artıq müəyyən təcrübələri qazanır. Araşdırmalar da göstərir ki, yüksək keyfiyyətli erkən təhsil həm öyrənmə, həm də sosial-emosional inkişaf baxımından əhəmiyyətlidir.
Çünki uşaq birbaşa məktəbə getməyi deyil, məktəbin necə bir ortam olduğunu öyrənir. Ən vacibi isə burada akademik olaraq yox, emosional və sosial olaraq bir zəminin yaradılmasıdır. Yəni uşaq artıq bilir ki, “anam məni qoyub gedə bilər, amma sözsüz ki, geri qayıdacaq, məni götürəcək”. Bu ayrılıq uşaqda narahatlığı azaldır və məktəbə uyğunlaşma yaradır”.
Psixoloq vurğulayıb ki, bəzi valideynlər “birinci sinifdə hər şeyi öyrənər” düşüncəsi ilə övladlarını məktəbəhazırlıq qruplarına qoymurlar. Ancaq bu önəmlidir, məktəbdən öncə isə uşağa evdə müstəqilliyi öyrətməlidirlər:
“Uşaqlara ilkin olaraq sosial bacarıqları, yəni salamlaşmağı, xahiş etməyi, növbəsini gözləməyi, kömək istəməyi, emosional bacarıqlarını idarə etməyi öyrətməliyik”.
Nabat Mirzəyeva xarici təcrübələrdən istinad edərək diqqətə çatdırıb ki, məktəbəhazırlıq yalnız hərfləri, rəqəmləri bilmək ilə yox sosial-emosional münasibətlərin, dil və motor bacarıqlarının inkişafı kimi qiymətləndirilməlidir.
Nəzrin Mirzəyeva, Bizim.Media





































































































