Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson 2022-ci ilin aprelində Kiyevə səfərinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının pozulmasına səbəb olması ilə bağlı iddiaları rədd edib və bu versiyanı “tamamilə cəfəngiyyat” adlandırıb.
Bizim.Media xəbər verir ki, keçmiş Baş nazir bu barədə Aron Maklinin aparıcısı olduğu hərb tarixi, strategiya və milli təhlükəsizlik mövzusundakı “School of War” podkastında danışıb.
Consonun sözlərinə görə, ukraynalılar özləri müharibəni davam etdirmək istəyirdilər, çünki döyüş meydanında uğurlar əldə etmiş və Rusiya qoşunlarını artıq Kiyev vilayətindən çıxarmışdılar.
“Bu, tamamilə, tamamilə cəfəngiyyatdır. Heç bir avropalı və ya Qərb lideri ukraynalıları öz ölkələri uğrunda mübarizəni davam etdirməkdən çəkindirə bilməzdi. O zaman Zelenskiyə dediyim yalnız bu idi: “Əgər döyüşmək istəyirsinizsə, biz sizinləyik”. Bu, Britaniya xalqının mövqeyi olaraq qalır”, – deyə Conson bildirib.
O, danışıqların pozulmasında rolunun olması ilə bağlı iddiaların Kreml tərəfindən yayıldığını da qeyd edib.
Bununla yanaşı, keçmiş Baş nazir müharibənin ilk günlərində bəzi avropalı siyasətçilərin Ukraynanın Rusiyaya müqavimət göstərə biləcəyinə inanmadığını bildirib. O, Almaniya kanslerinin aparatında çalışan məmurlardan birinin sözlərini nümunə gətirib:
“Bu baş verməlidirsə, daha yaxşı olmazdımı ki, tez baş versin – ukraynalılar məğlub olsun və hər şey bitsin?”.
Conson həmin mövqeyi ciddi səhv hesab etdiyini və Ukraynaya müqavimət göstərmək üçün yardım edilməsinin vacib olduğunu düşündüyünü deyib.
Qeyd edək ki, Consonun sülh danışıqlarını pozduğu barədə versiyanın əsas mənbələrindən biri Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiyanın 2023-cü ilin noyabrında verdiyi açıqlama olub.
Araxamiya bildirmişdi ki, İstanbul danışıqlarından sonra Conson Kiyevə gələrək Ukraynaya Rusiya ilə heç bir sənəd imzalamamağı və müharibəni davam etdirməyi tövsiyə edib.
Bununla belə, Conson danışıqların pozulmasında məsuliyyət daşıdığı barədə iddiaları dəfələrlə rədd edib.
Bizim.Media
































































































