“Mossad”ın keçmiş direktoru Yossi Koen ABŞ-ın hücumundan əvvəl İranda uranın zənginləşdirilməsi üzrə Fordo nüvə obyektinə dəfələrlə baş çəkdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Bu barədə “The Times of Israel” məlumat yayıb.
“Fordo nüvə obyektinə onun necə qurulduğunu anlamaq üçün dəfələrlə baş çəkmişik”, — deyə Koen bildirib. O, səfərlərin nə vaxt baş verdiyini və onlarda daha kimlərin iştirak etdiyini açıqlamayıb.
“Amerikalıların ona zərbə endirməsi bütün arzularımın gerçəkləşməsi oldu”, — deyə Koen Səfəd şəhərində keçirilən Qalileya Forumunda çıxışı zamanı bildirib.
Fordo ilə yanaşı, İsfahan və Natanzdakı nüvə obyektləri də 2025-ci ilin iyununda İsrail və İran arasında 12 gün davam edən münaqişə zamanı ABŞ-ın zərbələri nəticəsində ciddi zərər görüb.
Daha əvvəl bu obyektlərdə saxlanılan təxminən 440 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranın basdırıldığı barədə məlumat yayılmışdı. İsrail isə hesab edir ki, münaqişədən sonra İran ehtiyatların bir hissəsini “Pikaks-Mauntin” obyektinə köçürüb.
Koen həmçinin 60 faizə qədər zənginləşdirilmiş uranın “hələ bombadan çox uzaq olduğunu” bildirib. Bu fikir bir sıra ekspertlərin, o cümlədən David Olbraytın qiymətləndirmələri ilə ziddiyyət təşkil edir. Olbrayt hesab edir ki, 60 faiz zənginləşdirilmiş uran bir neçə həftə, hətta gün ərzində silah səviyyəsinə çatdırıla bilər.
Koen daha əvvəl də “Mossad”ın İrandakı fəaliyyətləri barədə açıq şəkildə danışıb.
O, 2021-ci ildə qurumun rəhbəri vəzifəsindən ayrıldıqdan bir neçə gün sonra İsrail televiziyasına verdiyi müsahibədə İranın nüvə proqramına qarşı keçirilən əməliyyatların bir sıra detallarını açıqlayıb.
Keçmiş “Mossad” rəhbəri, xüsusilə Natanzdakı yeraltı sentrifuqa istehsalı obyektində baş verən partlayışda İsrail kəşfiyyatının mümkün iştirakına işarə edib. O, həmçinin 2018-ci ildə Tehrandakı anbardan İranın nüvə arxivinin çıxarılması əməliyyatı barədə ətraflı danışıb və sonradan öldürülən iranlı nüvə alimi Möhsün Fəxrizadənin bir neçə il ərzində İsrail kəşfiyyatının nəzarətində olduğunu təsdiqləyib.
İsrailin 12-ci telekanalında yayımlanan “Uvda” (“Fakt”) sənədli proqramında Koen İranın müxtəlif nüvə obyektləri ilə yaxşı tanış olduğunu da bildirib. Onun sözlərinə görə, imkan yaranacağı təqdirdə aparıcı İlana Dayana Natanzdakı yeraltı bölməni göstərə bilərdi. Koenin iddiasına görə, həmin bölmədə sentrifuqalar yerləşirdi.
Bizim.Media


































































































