Google ilk dəfə olaraq özünün Play Store platforması vasitəsilə üçüncü tərəfə məxsus tətbiq mağazasını birbaşa yaymağa başlayıb. İlk rəqib platforma Aptoide olub.
Bizim.Media xəbər verir ki, onun Google Play-də peyda olması şirkətin Epic Games ilə illərdir davam edən antiinhisar mübahisəsinin nəticəsi hesab olunur.
Məhkəmə Google-u qaydaları dəyişməyə məcbur etdi
2023-cü ildə hakim Ceyms Donato Epic Games-in xeyrinə qərar çıxararaq, Google-u üçüncü tərəf tətbiq mağazalarının Android ekosisteminə daha geniş çıxışını təmin etməyə məcbur edib.
Qərara alternativ ödəniş sistemlərinə icazə verilməsi və komissiyaların azaldılması ilə yanaşı, rəqib tətbiq mağazalarının Google Play ekosisteminə daxil olmasına şərait yaradılması da daxil idi.
Google bu ssenaridən yayınmağa çalışsa da, tərəflər arasında əldə olunan razılaşma sonradan geri götürülüb və şirkət məhkəmənin tələblərini yerinə yetirməli olub.
İndi ABŞ-da Android istifadəçiləri Aptoide mağazasını birbaşa Google Play-dən quraşdıra bilirlər. Bunun üçün ayrıca APK faylı yükləməyə və üçüncü tərəf tətbiqinin quraşdırılması ilə bağlı xəbərdarlıqları keçməyə ehtiyac yoxdur.
Aptoide rəhbəri Paulu Trezentuşun sözlərinə görə, platforma təxminən 1,9 milyon tətbiq və 295 min oyundan ibarət kataloqa çıxış əldə edib. Bununla belə, tətbiq istehsalçıları öz məhsullarının üçüncü tərəf mağazalarında yerləşdirilməsindən imtina edə bilərlər.
Hələlik Google Play-də rəqabət məhduddur
Məhkəmə qərarına baxmayaraq, rəqabət hələlik simvolik xarakter daşıyır. Google Play-in üçüncü tərəf mağazaları bölməsində hazırda yalnız Aptoide yer alır.
Lakin vəziyyət yaxın gələcəkdə dəyişə bilər. Epic Games-in öz tətbiq mağazası var, Microsoft isə mobil Xbox Store hazırlayır.
Belə platformaların Google Play-ə daxil olması Android istifadəçilərinə yalnız Google-un mağazasından deyil, bir neçə alternativ platformadan tətbiq və oyun yükləmək imkanı verə bilər.
Bununla belə, üçüncü tərəf mağazalarının Google Play-ə daxil olması müəyyən tələblərlə mümkündür. Google təhlükəsizlik qaydalarına riayət edilməsini və APK fayllarının yoxlanılması üçün təqdim olunmasını tələb edir.
Bundan əlavə, mağaza operatoru ilkin olaraq 15 min dollar ödəməlidir. Bu məbləğin 5 min dolları tətbiqlərin yoxlanılmasına yönəldilir.
Beləliklə, Aptoide hazırda Google Play daxilində ilk rəqib tətbiq mağazasıdır. Onun platformada peyda olması isə Epic Games ilə Google arasında illərdir davam edən hüquqi mübarizənin dünyanın ən böyük mobil ekosistemlərindən birinin qaydalarını artıq dəyişməyə başladığını göstərir.
Bizim.Media




































































































