Ölüm quyusu
Qardaş Türkiyədə baş verən zəlzələdə şəhid olanların xatirəsinə
Sükutun danışan yeri,
nitqin tutulma məqamı
və qaranlıq...
Möcüzə gözləyənlər
anın kadrını çəkirlər kiprikləriylə.
Bir-birini buraxmır əllər.
Üstünə düşən dirək
səsindən diksinməsin deyə
içinə çığırır körpələr.
Dağıntılar altından sağ çıxan,
yoxluğa boylanıb
şükür edə bilmir Allaha.
Xarabalıq
və sonu görünməyən məzarlıq...
Bina bilmir, adam bilmir,
sorur hər şeyi ölüm quyusu.
Atasız-anasız uşaqlar qaldı,
uşaqlarsız ata-analar.
Yox oldu bağlar.
Uçqunlar altından axtarıb çıxarırlar
torpağa basdırılacaq ailələri
insanlığın fəryadı altında.
Baxışlar donur dəhşətdən.
Dünənin xatirəsi boğulur
divarlar arasında.
Can verir xəyallar yerin altında.
Niyə zəlzələlər gecələr olur sualının cavabı
susqunluq.
Varlığın ən sürətli yoxluğudu zəlzələ.
Təbiətin faciə mənzərəsi,
olanların yoxluq səhnəsi...
Yaradanın yaratdığına,
ya yaratmadığına qəzəbimi zəlzələ?!
Nifrətin püskürməsimi?
Anın faciəsidi zəlzələ,
ölümün kütləviliyi.
Sığortalanmayan həyatın yoxluğu,
müharibəsiz ölüm maşını,
dağıntının xəlvət anıdı zəlzələ,
göz qırpımında.
Çatı minlərlə ürəkdən keçən
torpağın infarktıdı zəlzələ.
Rəfail Tağızadə
10.02.2023









































































































