Xoş məramlı Xoşqədəm...

Hazırda oxunan: Xoş məramlı Xoşqədəm...

265513
Qəribə dünyadır... Xeyirxahla bədniyyətin, yaxşı ilə yamanın, işıqlа qaranlığın fərqinə varmayan, bəzən də işıqlı izlərə kölgə salmaqdan feyz alan insanlarımız az deyil. Görəsən bu xislət haradan qaynaqlanır?! Mental təfəkkürdənmi, gendənmi, qandanmı gəlir?!

Sosial şəbəkələrdə, ara-bərə qəzetlərində Azərbaycanın Əməkdar jurnalisti Xoşqədəm Hidayətqızının ünvanına yazılmış sözlər (həm də səslər!) məni düşünməyə vadar etdi. Düşündüm ki, illərdən bəri haqq-ədalət uğrunda savaş meydanına atılan, hüququnu bilməyən məzlumların göz yaşlarına gözünün yaşını qatan, apardığı veriliş boyu ürəyini tutan, dərdli insanların ağır aurasında üzülən, incələn bu incə məxluqun bir çox kişilərə örnək olası ərənlik xüsusiyyətləri var. Milyonların qarşısında illərin imtahanından üzü ağ, alnı açıq çıxan, həsrətliləri qovuşduran, itkinləri tapan, ağır xəstələrin həyata qayıtmasına körpü salan, neçə-neçə ailəni sevindirən savab yiyəsinin ünvanına deyilən sözlər ən azı günah deyilmi?! Bu günahı formalaşdıran isə paxıllıq, naqislik deyilmi?

Bəziləri "Səni axtarıram” proqramındakı göz yaşlarını, ana-bacı fəryadını, ata iniltisini "şou” kimi qələmə verir. Belə ədalətsizlik insanlığa sığışmır. Məgər Xoşqədəm xanım o salonda əyləşənləri göz yaşı tökməyə məcbur edir? Məgər doğmaları ilə uzun illərdən sonra qovuşmaq fürsəti tapan insanların ürək parçalayan görüşləri "şou”dur?! Və əgər "şou”dursa bu "şou” nəyə və kimə xidmət edir?! Lazım olsaydı Xoşqədəm Hidayətqızı yaxşı bir şou proqramı hazırlayıb apara bilərdi. Ancaq o, belə asan və yüngül yol ilə getmədi. İçindən gələn vətəndaşlıq, yurddaşlıq duyğusu, insanlara insani münasibət kredosu onu bu verilişə gətirdi. Axtardığını "Səni axtarıram”da tapdı... Çünki ötən əsrin 90-cı illərində o, çox şeylərini - dədə-baba yurdunu, doğmalarını, əzizlərini itirdi. Bəlkə də itirdiklərinin təsəllisini kiminsə doğmalarının tapılmasında tapdı?! Bəlkə də...

Mən Xoşqədəm xanımın verilişində dəfələrlə ekspert kimi iştirak etmişəm. Ona ümid yeri kimi baxıb, yalvarıb imdad istəyən insanların qəlbini qırmayan bu xanımın səsi Əfqanıstandan, Ərəbistandan, İrandan, Türkiyədən, Rusiyadan, Orta Asiyadan, nə bilim, daha haralardan gəlib. Bu ölkələrə hansısa bir soydaşımızın axtarışına çıxarkən o, öz həyatını da bir çox hallarda təhlükəyə atıb. Amma, getdiyi yerdən "tapıntı” ilə qayıdanda üzündə xoşbəxt bir ifadə oxunub. İllər ayrısı olan insanları qovuşduranda, küsülüləri barışdıranda, dağılmış ailələri bərpa edəndə, sağalmaz xəstələri sağlam həyata qaytaranda onun üzündəki o ifadəni dəfələrlə sezmişəm.

Mən anlaya bilmirəm ki, Xoşqədəm Hidayətqızı yaxşılıqdan başqa kimə nə edib ki, əskisi bu qədər tüstülüdür. Bundan öncə çalışdığı və əslində apardığı verilişin hesabına reytinqini qaldırdığı telekanalda onun zəngin videoarxivini yox elədilər. Bəs bu, insafdırmı? Heç bir halda şəxsi konfliktləri ictimai müstəvidə həll etmirlər. Həmin arxiv materiallarının hər birindəki təsirli həyat həqiqətləri yaşadığımız zamanın bir parça tarixiydi. Tarixə "əl qaldırmaq” olarmı?!

Bir daha xatırlatmaq istəyirəm ki, "xına yaxanların”, qara yaxanların "hücumlarına» baş qoşmağa dəyməz. Sosial şəbəkələrin yaratdığı imkanlar çox adamların intellekt imkansızlığını nümayiş etdirir. Söz azadlığı o yerə gətirib ki, pəltəklər nitq mədəniyyətindən dərs keçir, cahillər aqillərə nəsihət verir, Hüseyn Cavid demişkən: "Rəqsi təlim ediyor axsaqlar”. Düşünürəm ki, bu qısqanclıq xalqın Xoşqədəm xanıma olan sevgi və sayğısından qaynaqlanır.

Sözügedən verilişdə axan göz yaşlarını "saxta” adlandıran insanlara üzümü tutub deyirəm ki, "Səni axtarıram”ın studiyasında mən də ağlamışam. Ancaq göz yaşlarım "saxta” olmayıb, çünki oğlumun dərdi ağladıb məni... Və Xoşqədəm xanımın mənəvi dəstəyi ilə oğlumun şəfa tapmasına körpü salınıb. Buna görə ailəmiz hər zaman ona minnətdar olacaqdır.

Mən bu yazımla Xoşqədəm Hidayətqızını müdafiə etmək niyyətində deyiləm. O, minlərlə insanın hüququnu müdafiə edirsə mənə nə ehtiyacı. Ancaq bir həmkarı, qələm yoldaşı olaraq demək istəyirəm ki, bu yol haqq yoludur. Verilişlərinin birində dedi ki, daha yorulmuşam. Xalqımızın, millətimizin sevgisi bu yolda onun dizinə təpər, ürəyinə qüvvət versin!
Adil Cəmil,
şair-tədqiqatçı, Əməkdar jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin