ABŞ və Qərb Cənubi Qafqazda Türkiyəni önə verir

Hazırda oxunan: ABŞ və Qərb Cənubi Qafqazda Türkiyəni önə verir

37930
Cənubi Qafqaz uğrunda supergüclərin arasındakı mübarizənin intensivləşdiyi müşahidə edilməkdədir. Belə ki, Türkiyənin də prosesə girdiyi bu mübarizə çərçivəsində Sürix protokollarının yenidən gündəmə gətirilməsinə hazırlıq aparıldığı müşahidə edilməkdədir. 
Türkiyənin xarici işlər nazıri Əhməd Davudoğlunun dekabrın 12-də reallaşdıracağı İrəvan səfəri ərəfəsində dilə gətirdiyi “Ermənistan izolyasiyadan çıxmaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək məcburiyyətindədir” açıqlaması da həmin məlumatları müəyyən mənada təsdiqləyir.

Siyasi şərhçi Qabil Hüseynli hesab edir ki, belə bir prosesin başladılması barədə məlumatlar olsa da, nəticənin müsbət olacağına ümidlər o qədər də çox deyil: “Vaxtilə Davudoğlu demişdi ki, Azərbaycanın işğal altındakı 2 rayonunun boşaldılması barədə Ermənistanla şifahi anlaşma əldə olunub. Və həmin anlaşma rəsmiləşərsə, onda Ə.Davudoğlunun Ermənistana getməsinə ehtiyac qalmaya bilər. Hazırda bu məsələdə əsas fəallıq göstərən ABŞ sayılır. Çünki Ermənistan həmin bazarlığı ABŞ-la aparmışdı. Ağ Ev də bu barədə rəsmi Ankaranı məlumatlandıraraq, Türkiyəni prosesə qoşmuşdu. Ancaq həmin açıqlama Rusiyanın sərt təpkisiylə qarşılandı. Kreml Ermənistana təpindi və münaqişənin həllinin ATƏT-in Minsk Qrupunun missiyası olduğunu gündəmə gətirdi. Yəni Kreml mesaj verdi ki, nizamlanma prosesində açar dövlət Rusiyadır. Kremlin istəmədiyi halda, bu məsələdə uğurlu nəticə mümkün deyil. Prezident V.Putinin Ermənistana son səfəri də ABŞ və Qərbə, eləcə də Türkiyəyə barmaq silkələmək anlamı daşıyırdı”.
Qabil Hüseynlinin fikrincə, “Türkiyə bu məsələni ciddi problem hesab edir: "Çünki ermənilər qondarma ”soyqırım"ın 100 illiyinə hazırlaşırlar. Ermənilərin əsas hədəfi 2015-ci ilə qədər bu məsələnin daha çox ölkənin parlamentində təsdiqlənərək tanınmasına, hətta BMT-nin müzakirəsinə çıxarılmasına nail olmaqdır. Ermənilər ümid edirlər ki, bununla Türkiyəyə qarşı beynəlxalq sanksiyaların tətbiqinə, təzminat və ərazi iddiaları irəli sürməyə imkan qazanacaqlar. Rəsmi Ankara ermənilərin bu “100 illik” hazırlığından narahatdır. Ona görə də Ermənistanla münasibətləri normallaşdırmaqla vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır. Bu, səhv yanaşmadır. Çünki ermənilərin xisləti bəllidir və hətta münasibətlər normallaşsa və sərhədlər açılsa belə, onlar öz iddialarından əl çəkən deyillər. Ermənilər sərhədləri açmağa hazırdır, ancaq bunun əvəzini ödəmək barədə düşünmürlər. Ankara nəzərə almalıdır ki, əgər ermənilər Türkiyədən bir dəfə nəsə qoparsalar, şirniklənəcəklər və bunun davamı mütləq gələcək. Çünki dünyada ikili standartlar hökm sürür və xristian təəssübkeşliyi ön plandadır".

Politoloqun qənaətincə, Ermənistanla danışıqlar Türkiyənin umduğu nəticələri verməyə bilər: Rusiya bütün gücü ilə Cənubi Qafqazda öz hökmranlığını möhkəmləndirməyə çalışır. Kreml hər kəsə anlatmağa çalışır ki, Rusiya Cənubi Qafqazdan heç vaxt çıxmayacaq. Belə vəziyyətdə ABŞ və Qərb Türkiyəni arxasında heç bir güc, dəstək olmadan Cənubi Qafqaz uğrunda savaşa yönəltməklə ciddi yanlışlığa yol verməkdədir. Əslində Rusiyanın bütün dünyaya meydan oxuyan son davranışları da məhz ABŞ və Qərbin Suriya böhranı və digər önəmli beynəlxalq məsələlərdə buraxdığı ciddi səhvlərin nəticəsidir. Ona görə də Ə.Davudoğlunun Ermənistana səfərindən hər hansı müsbət nəticə çıxa biləcəyi inandırıcı deyil".

Qabil Hüseynlinin fikrincə, Rusiya yalnız Ukraynada yerində oturdula bilər: “Əgər Kreml Ukrayna uğrunda mübarizəni Qərbə uduzarsa, onda Rusiyanın imperialist planlarının pozulması tam mümkündür. Belə olacağı təqdirdə, Moskvanın Ukrayna məğlubiyyətinin təsirləri Cənubi Qafqazda da mütləq hiss ediləcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin