2026-cı ilin iyun ayında Bakı şəhərində mənzil bazarında qiymət artımı davam edib.
Bizim.Media xəbər verir ki, bu barədə “plat.az”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bütün əsas seqmentlər üzrə müsbət dinamika qeydə alınıb:
"Yeni tikili mənzillər üzrə qiymətlər rayonlardan asılı olaraq 1,2-1,9 faiz, köhnə tikili mənzillərdə 1-2,2 faiz, kotlovan (hələ başlanğıc mərhələsi) mərhələsində olan layihələrdə isə 1,3-2,8 faiz artıb",-məlumatda əks olunub.
Qurumdan əlavə edilib ki, ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb:
"Burada yeni tikililər 1,9 faiz, köhnə tikililər 2,2 faiz, kotlovan layihələri isə 2,8 faiz bahalaşıb. Nəsimi və Yasamal rayonları da qiymət artımının yüksək olduğu ərazilər sırasında yer alıb. Bu rayonlarda kotlovan layihələrində artım müvafiq olaraq 2,7 və 2,6 faiz təşkil edib".
Cəmiyyətdən verilən məlumata görə, bazarın ən dinamik seqmenti yenə də kotlovan mərhələsində olan layihələr olub. İnvestorların bu layihələrə marağının yüksək qalması qiymət artımını digər mənzil növləri ilə müqayisədə daha sürətli edib.
Həmçinin yeni tikili mənzillərdə də tələbatın sabit qalması qiymətlərin yüksəlməsini dəstəkləyib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən bahalaşma tempi digər seqmentlərlə müqayisədə daha mülayim olub.
Bizim.Media




































































































