Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Hazırda oxunan: Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

624086

Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş baş tutub. İyulun 8-də keçirilən danışıqlar müharibənin dayandırılması və hərbi əməkdaşlığın yeni formatı baxımından həlledici hesab olunur.

Bizim.Media xəbər verir ki, Tramp Zelenski ilə münasibətlərinin "yaxşı olduğunu" vurğulayaraq, onları Oval kabinetdəki ilk təmaslarından bəri davam edən bir əlaqə kimi xarakterizə edib.

Rusiya-Ukrayna müharibəsinə toxunan ABŞ lideri maraqlı bir etiraf edib:

"Biz bir çox müharibələri yoluna qoymuşuq. Bu müharibənin də ən asan həll oluna biləcək münaqişə olduğunu düşünürdüm. Lakin həm Putin, həm də bu gənc [Zelenski] olduqca mürəkkəb xarakterlərdir. Bu, heç də asan məsələ deyil və böyük səylər tələb edir".

Görüşün ən diqqətçəkən məqamı hərbi yardımın yeni formatı olub. Tramp Ukrayna üçün kritik əhəmiyyət kəsb edən "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı vacib qərarı açıqlayıb:

ABŞ Ukraynaya "Patriot" sistemlərini birbaşa öz ərazisində istehsal etmək üçün lisenziya verəcək.

Tramp bu addımı "beləliklə, siz bizdən kifayət qədər dəstək almadığınızdan şikayət edə bilməyəcəksiniz, sistemləri özünüz istehsal edin" sözləri ilə əsaslandırıb.

Görüş zamanı maraqlı bir insident də yaşanıb. Tramp jurnalistlərə söz verərkən, yanında dayanan Zelenskini göstərərək "Prezident Putinə sualınız var?" deyə müraciət edib. Səhvini dərhal anlayan ABŞ lideri gülümsəyərək vəziyyəti yumşaldıb:

"Sizdə prezident Putinə – yox, üzr istəyirəm, Zelenskiyə sual var? Əgər Putinə nə isə soruşmaq istəyirsinizsə, bu sualı mən ona çatdıraram".

Moskvaya səfər sualı

Jurnalistlərin Zelenskiyə ünvanladığı "Siz Moskvaya (Putinlə görüşə) gedərdinizmi?" sualına Ukrayna prezidenti özünəməxsus kəskin və ironik cavab verib:

"Bu, olduqca çətin məsələdir. Çünki hazırda orada çoxlu sayda Ukrayna dronu var".

Bu görüş, sammitin yekun bəyannaməsində Ukraynaya 2026-2027-ci illər üçün 70 milyard avroluq hərbi yardımın təsdiqlənməsi və Rusiyanın "təhdid" kimi dəyərləndirilməsi fonunda Ukraynanın Qərb üçün strateji əhəmiyyətini bir daha ön plana çıxarıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin