Restoranda halaldır, evdə haram? – İdxal olunan ətlərə ikili yanaşma

Hazırda oxunan: Restoranda halaldır, evdə haram? – İdxal olunan ətlərə ikili yanaşma

624003

Azərbaycanda qiymət artımı müşahidə olunsa da yerli ətə tələbat həmişə yüksək olub. Alıcılar aradakı qiymət fərqinə baxmadan təzə kəsilmiş, mal, qoyun ətinə üstünlük veriblər. Amma tələbatın belə yüksək olduğu bir vaxtda hər il xarici ölkələrdən minlərlə ton ət idxal edilir. İstər-istəməz sual yaranır ki, bu ət kimlər üçün gətirilir, hansı bazara yönəldilir?

Mütəxəssislər bildirirlər ki, idxal olunan ətin böyük hissəsi pərakəndə satış üçün yox,  ictimai iaşə obyektlərinə yönəldilir. Restoranlar, hotellər, həmçinin toy və digər kütləvi tədbirlərdə böyük həcmdə ət istehlak edildiyindən, bu sektor daha münasib qiymətə üstünlük verir. Mövsümi dövrlərdə isə bu tələbat daha da artır və idxalın həcminə birbaşa təsir göstərir.

Amma burada maraqlı olan odur ki, cəmiyyətdə maraqlı bir ziddiyyət də müşahidə olunur: adətən ictimai müzakirələrdə xüsusilə qeyri-müsəlman ölkələrdən gətirilən ətlərin halal olub-olmaması tez-tez sual altına düşür və bu məhsullara qarşı müəyyən etimadsızlıq yaranır. Ancaq restoranlarda, şadlıq evlərində və digər iaşə obyektlərində təqdim olunan yeməklərdə xaricdən gətirilən ətlər bəh-bəhlə yeyilir, yəni ciddi narahatlıq doğurmur. 

İstehlakçıların bu ikili yanaşması nədən qaynaqlanır?

Qida və restoranlar üzrə mütəxəssis Elnur Hətəmov Bizim.Media-ya bunu bir neçə amillə izah etdi:

“İstehlakçılar ev üçün aldıqları məhsulun mənşəyinə və kəsim qaydasına daha həssas yanaşırlar. Digər tərəfdən isə restoranlarda təqdim olunan yeməyin hansı mənşəli ətdən hazırlandığı barədə məlumat çox vaxt əlçatan olmur, ya da ofisiantların dediklərinə onsuz da inanmırlar. Üstəlik o “həngamə”də ətin mənşəyinə diqqət yetirən olmur.

Bundan əlavə, restoranlarda peşəkar aşpazlar tərəfindən xüsusi hazırlanan çoxçeşidli yeməklər və müəssisələrdə emal olunub konservləşdirilən ətlərlə evdə sadə üsulla hazırlanan zyeməkləri eyniləşdirmək doğru olmaz. Peşəkar mühitdə hazırlanan ətlərə vurulan dadlandırıcılar, ədvalar və müxtəlif tərkiblər ətə o qədər fərqli  dad verir ki, istehlakçıya narazılıq etməyə yer qalmır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin