Vilnüs sammiti çərçivəsində Avropa dövlətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər zamanı müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycan-Ermənistan münaqişəsi idi.
Moderator.az Gün.Az xəbər verir ki, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dilə gətirib.
PA rəsmisinin dediyinə görə, Qarabağ münaqişəsinin həllinə maraq indi əvvəlki dövrə nisbətən artıb.
N.Məmmədov bu yerdə onu da xatırladıb ki, Avstriyanın paytaxtı Vyana şəhərində Ermənistan və Azərbaycan prezidentlərinin məlum görüşü təxminən iki illik fasilədən sonra baş tutub.
“Bu görüşlə də bağlı hələlik ilkin təəssürat belədir ki, onu müsbət, pozitiv adlandırmaq olar. Ən azı ona görə ki, münaqişə tərəflərinin də, Minsk qrupunun həmsədrlərinin də qərarı belədir ki, konfliktin həlli ilə bağlı danışıqları davam etdirmək lazımdır.
Bu, özü artıq müsbət hadisə kimi qeyd olunmalıdır. Çünki danışıq olmayan yerdə heç nə yoxdur. Yalnız danışıq zamanı müəyyən irəliləyiş ola bilər”.
Şöbə müdirinin eyni zamanda qeyd etdiyinə görə, Ermənistan mətbuatı bundan - məlum görüş və müzakirələrdən çox istifadə edib.
“Bu da mənə bir qədər şübhəli göründü. Ermənistan mətbuatı bu görüşdən sonra özlərinin bu məsələdə fəal, konstruktiv olmalarını, həmçinin, Ermənistan prezidentinin xoş əhval-ruhiyyədə olmasını normal adlandırdı. Görünür indi Ermənistan iki illik fasilədən sonra belə düşünüb ki, onu danışıqları pozmaqda günahlandıra bilərlər. Günahlandıra bilərlər ki, münaqişənin həlli ilə bağlı lazımi addımlar atmır, lazımi işlər görmür.
Yəni, bu baxımdan, heç olmasa, indi geri addım atsın ki, üzərindəki günahları və iradları bir qədər götürsün. Ona görə də bu gün hər yerdə yaymaq, təşviqat aparmaq meyilləri görünür ki, bəs hər şey yaxşıdır, görüş əla keçdi, danışıqlar olacaq, bax, görürsünüz, biz işləyirik, gəlirik, görüşürük, danışırıq, istəyirik həll edək.
Ona görə burada bir qədər ehtiyatlı olmaq lazımdır. Ermənistan tərəfinin bəlkə də birdən ürəyində bir qədər səmimi yanaşma da ola bilər, deyə bilmərəm və buna da toxunmaq istəmirəm. Digər tərəfdən də bir-iki görüş keçirilsin görək bunlar yenə də gizlində bir “priyom” qurmayıblar ki, sonra bəhanə tapıb desinlər ki, görürsünüz, biz başladıq, istədik həll edək, ancaq bunlarla alınmır və sair. Onlardan nə desən gözləmək olar.
Bununla belə, bu danışıqlar zamanı, yəni, sammit çərçivəsində Avropa İttifaqının, Avropa dövlətlərinin rəhbərləri ilə Azərbaycan prezidentinin keçirdiyi görüşlərdə bir daha qeyd edildi ki, Avropanın özünün münaqişənin həlli prosesində daha fəal iştirakına ehtiyac var” - deyə, PA rəsmisi sonda sözlərinə əlavə edib.


































































































