Antonio Banderas: Yeganə mütləq və qaçılmaz həqiqət ölümdür

Hazırda oxunan: Antonio Banderas: Yeganə mütləq və qaçılmaz həqiqət ölümdür

630080

Təxminən on il əvvəl keçirdiyi infarkt Antonio Banderasın həyatının istiqamətini tamamilə dəyişib.

Bizim.Media xəbər verir ki, 65 yaşlı aktyor People jurnalına müsahibəsində 2017-ci ildə yaşadığı sağlamlıq probleminin onu həyatdakı prioritetlərini yenidən nəzərdən keçirməyə vadar etdiyini və həyata daha güclü bağlılıq hissi qazandırdığını açıqlayıb.

“İnfarkt həyatımda baş verən ən yaxşı hadisə idi. Sanki kimsə mənə eynək taxdı və əvvəllər görmədiyim reallığı görməyə imkan verdi”, – deyə Banderas etiraf edib.

Xəstəxana çarpayısından sonra həyata yeni baxış

Xatırladaq ki, aktyor 2017-ci ildə İngiltərənin Suri qraflığındakı evində sinə ağrıları hiss edib. Ona təcili əməliyyat aparılıb və arteriyasına üç stent yerləşdirilib. Bu sağlamlıq böhranından sonra Banderas siqareti birdəfəlik tərgidib və doğma şəhəri Malaqaya qayıdıb.
 

“İnsanın beynində həmişə bir gün öləcəyi düşüncəsi olur. Amma ölüm bu qədər yaxınlaşanda həyatınızda yer almağa layiq olmayan şeylərə vaxt sərf etməyin nə qədər mənasız olduğunu çox aydın şəkildə anlayırsınız”, – aktyor bildirib.


Yaşadığı sarsıntıdan sonra Banderas yeni yaradıcılıq və biznes layihələrinin həyata keçirilməsinə bütün diqqətini yönəldib. O, Malaqada öz teatrını – Teatro del Soho CaixaBankı açıb və restoran biznesi ilə məşğul olmağa başlayıb.

Səkkiz restoranın idarə olunması təcrübəsi aktyora məşhur aşpaz və teleaparıcı Entoni Burden haqqında hazırlanan yeni bioqrafik film “Tony” üzərində işləyərkən də kömək edib. Banderas filmdə gənc Burdenin restoran biznesində müəllimi olan Çiro Kotsinin rolunu canlandırıb.

Xarakterində baş verən dəyişikliklərdən danışan Banderas indi tənqiddən daha az qorxduğunu və özünü daha açıq ifadə etməyi öyrəndiyini vurğulayıb.

“Əvvəllər sizin üçün vacib görünən şeylər yoxa çıxır və anlayırsınız ki, yeganə mütləq və qaçılmaz həqiqət ölümdür, qalan hər şey isə nisbidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin