Hollywood ulduzu Bred Pitt və sevgilisi, zərgər dizayneri İnes de Ramon münasibətlərini sosial mediada rəsmiləşdiriblər. Cütlük Teylor Sviftin dəbdəbəli toy mərasimi ərəfəsində ilk dəfə birgə fotolarını paylaşıb.
Bizim.Media xəbər verir ki, 62 yaşlı aktyor və 33 yaşlı sevgilisi saç stilisti Lori Zanolettinin "Instagram" hesabında yayımlanan fotolarda eyni rəngdə – qara geyimlərdə görüntüləniblər.
2022-ci ildən bəri eşq yaşayan cütlüyün xoşbəxt və bir-birinə vurğun olduğu nəzərə çarpır. Fotolardan birində Pittin sevgilisini nəvazişlə qucaqladığı əks olunub.
İnes de Ramon həmçinin bu kadrları öz "Stories" bölməsində paylaşaraq, fon musiqisi kimi Teylor Sviftin məşhur "Lover" balladasını seçib və Bred Pittlə olan fotosuna qırmızı ürək emojisi əlavə edib. Maraqlıdır ki, İnes hələlik bu fotoları öz profilinin əsas lentində paylaşmağa tələsməyib.
Qeyd edək ki, cütlük fotolar üçün Manhettendəki nüfuzlu "Casa Cipriani" klubunun terrasından istifadə edib.
Yeri gəlmişkən, bu, Bred Pittin uzun illərdən sonra ictimaiyyətə təqdim etdiyi ən ciddi münasibətidir. Xatırladaq ki, aktyorun şəxsi həyatı xeyli müddətdir ki, mətbuatın diqqət mərkəzindədir. Bred Pitt daha əvvəl digər Hollywood ulduzu Ancelina Coli ilə evli olub.
Onların illərlə davam edən münasibətləri və ardından baş verən qalmaqallı boşanma prosesi, uşaqların qəyyumluğu uğrunda aparılan hüquqi mübarizə dünya mediasını çalxalamışdı.
Görünür, Pitt artıq keçmişdəki bu ağır və qalmaqallı səhifəni bağlayaraq, yeni sevgilisi ilə daha sakit və xoşbəxt bir həyata addım atıb.



Bizim.Media



































































































