Braziliya futbolunun rəhbərliyində baş verən son maliyyə və şəxsi həyat qalmaqalı beynəlxalq miqyasda böyük rezonans doğurub. Braziliya Futbol Konfederasiyasının (CBF) 42 yaşlı prezidenti Samir Xaudun qurumun rəsmi büdcə vəsaitlərini öz şəxsi maraqları üçün mənimsəməsi iddiaları ölkəni ayağa qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Times of India" nəşri yayıb.
Hazırda 42 yaşı olan Samir Xaud gənc yaşlarından idman menecmenti və idarəçilik sahəsində böyük uğurlar qazanaraq sürətlə yüksəlib. Karyerasının ilkin dövrlərində futbol idarəçiliyi, marketinq və böyük idman layihələrinin idarə olunması sahəsində uğurlu addımlar atan Xaud, qısa müddətdə Braziliya futbolunun ən yüksek zirvəsinə — Konfederasiya prezidentliyinə qədər ucalmağı bacarıb. O, idman strukturlarında islahatçı və enerjili bir rəhbər kimi tanınsa da, son hadisələr onun bütün reputasiyasını alt-üst edib.
İddialara görə, futbol bossu Dünya Çempionatının rəsmi açılış mərasimindən öncə — həyat yoldaşı ilə Nyu-Yorkda planlaşdırılan rəsmi görüşündən dərhal əvvəl öz gizli məşuqəsini eyni şəhərə gətirmək üçün konfederasiyanın büdcə vəsaitlərindən istifadə edib.
Nyu-Yorkun ən bahalı və lüks otellərindən birində edilən rezervasiyanın birbaşa Samir Xaudun adına rəsmiləşdirildiyi aşkarlanıb. Məşuqənin yerləşdirilməsi üçün nəzərdə tutulan bu lüks nömrənin bron xərcləri olduqca astronomik məbləğ təşkil edib. İstintaq qrupunun əldə etdiyi bank çıxarışlarında otel ödənişinin şəxsi hesaddan deyil, birbaşa konfederasiyanın rəsmi nümayəndəlik xərcləri fondundan ödənildiyi təsdiqini tapıb.
Bu insident həm Braziliya idman ictimaiyyətində, həm də beynəlxalq futbol strukturlarında ciddi təlatümlərə yol açıb. Braziliya idman rəsmiləri və prokurorluq artıq məsələyə müdaxilə edərək genişmiqyaslı araşdırmalara başlayıb.
İddiaların rəsmi sübuta yetirilməsi fonunda Samir Xaudun yaxın saatlarda rəsmən idarə heyəti tərəfindən vəzifəsindən kənarlaşdırılacağı və onun barəsində cinayət işi açılacağı gözlənilir. Konfederasiya çempionat öncəsi ölkə futbolunun imicinə zərbə vurmamaq üçün prosesi operativ şəkildə yekunlaşdırmağa çalışır.

Bizim.Media



































































































