Dünya şöhrətli zərgərlik evi "Tiffany & Co."nun estetikasını və vizual fəlsəfəsini düz 30 il boyunca formalaşdıran əfsanəvi dizayn direktoru Con Lorinq (John Loring) 86 yaşında Palm-Biçdə (ABŞ) vəfat edib.
Bizim.Media xəbər verir ki, 1979-cu ildən 2009-cu ilə qədər şirkətin yaradıcı sükanı arxasında əyləşən Lorinq brendin bu gün hamımızın tanıdığı unikal qlobal irsini quran şəxs hesab olunurdu. Təqaüdə çıxdıqdan sonra o, ömürlük fəxri "Xidmət qazanmış dizayn direktoru" (Design Director Emeritus) tituluna layiq görülmüşdü.
Con Lorinq yalnız zərgərlik sahəsində deyil, incəsənətin bir çox qolunda dərin iz buraxmış çoxtərəfli intellektual idi. Yel Universitetinin və Paris Təsviri Sənət Məktəbinin məzunu olan ustanın şəxsi rəsmləri və qravürləri Nyu-Yorkun "MoMA", "Metropolitan" və "Vitni" kimi dünyanın ən nəhəng muzeylərində sərgilənirdi.
O, "Tiffany"də işə başlayanda şirkətin cəmi 7 mağazası var idi. Lorinq dünyanı qarış-qarış gəzərək Portuqaliyadan keramika, İsveçrədən saatlar, Murano adasından vazalar sifariş edib brendi qlobal imperiyaya çevirdi. Maraqlıdır ki, onun "Tiffany" tarixi haqqında yazdığı fundamental kitabların bir neçəsinin redaktoru şəxsən ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedi-Onassis olmuşdu.
Danimarka kraliçası II Marqrethe, rəssam Endi Uorholun ilham pəriləri, Hollivud ulduzları və Paloma Pikasso kimi moda ikonaları ilə yaxın dostluq edən Lorinq, özünə "zövq diktə edən" deyilməsindən həmişə nifrət edərdi:
"Bu fikir mənə iyrənc gəlir. Çünki zövqü diktə etmək dünyada yeknəsəqlik yaradır və təxəyyülü öldürür". Ekspertlərin fikrincə, onun vəfatı ilə yüksək zövqə əsaslanan klassik dəbdəbə epoxası rəsmən başa çatdı.
Bizim.Media

































































































