İnanmaq çətindir, lakin Paris Hiltonun "Stars Are Blind" trekinin dünya hit-paradlarına daxil olmasından və beynəlxalq hitə çevrilməsindən düz 20 il keçir.
Bizim.Media xəbər verir ki, 45 yaşlı realiti-şou ulduzu bu yubiley şərəfinə rejissor Kris Epplbaum tərəfindən çəkilmiş kult klipin çəkilişlərindən indiyə qədər heç yerdə yayımlanmamış unikal kadrarxası fotolarını "Instagram" hesabında paylaşıb.
Arxiv görüntülərində sarışın pop-diva sahildə bir neçə olduqca cəsarətli çimərlik geyimində qüsursuz bədən quruluşunu nümayiş etdirir və klipdəki tərəf-müqabili olan cazibədar aktyorla ehtirasla qucaqlaşır. Pərəstişkarları dərhal bu köhnə çimərlik şəkillərini Parisin bugünkü fotoları ilə müqayisə etməyə başlayıblar və məşhurun ötən iyirmi il ərzində demək olar ki, heç dəyişməməsinə heyran qalıblar.
"X" sosial şəbəkəsində pərəstişkarlarından biri "Paris ümumiyyətlə qocalmır! O, şübhəsiz ki, Hollivudun hansısa gizli əbədi gənclik çeşməsindən içir", — deyə heyranlığını gizlətməyib.
"Reddit"dəki digər bir istifadəçi isə zarafatla qeyd edib: "O, super marketdəki tost çörəyi kimidir — heç vaxt xarab olmur".
Paris Hilton paylaşımının altında bu sözləri qeyd edib:
"Bu həftə sonu #StarsAreBlind trekini buraxılmasından 20 il ötür. Çəkiliş meydançasından olan bu fotolara baxmaq qəlbimi böyük minnətdarlıq hissi ilə doldurur. Sadəcə bir mahnı kimi başlayan bu trek, dünyanın hər yerində bu qədər gözəl xatirələrin, dostluqların, maşın səyahətlərinin, rəqs meydançalarının və tətillərin kult saundtrekinə çevrildi. Məni dinləyən, mənimlə rəqs edən, mənə qoşulub oxuyan və dəstəkləyən hər kəsə təşəkkür edirəm. Siz bu treki zamansız etdiniz".
Bu gün 2000-ci illərin əsas sarışınının həyatı tamamilə fərqli görünür. Paris iş adamı Karter Reum ilə evlidir və iki azyaşlı övlad böyüdür: üç yaşlı oğlu Feniks və iki yaşlı qızı London.




Bizim.Media



































































































