Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Hazırda oxunan: Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

644218

Azərbaycanlı futbol azarkeşləri yenidən stadionlara qayıdırlar. Klubların əsasən Bakıda cəmləşdiyi və cəmi səkkiz komandanın mübarizə apardığı dövrdə ölkəmizdə ən çətin günlərini yaşayan futbolumuzda vəziyyət tədricən dəyişir. Azarkeş marağındakı müsbət dinamika ildən-ilə daha aydın hiss olunur. Üstəlik, bu artım yalnız komandaların sayının 12-yə çatdırılması ilə bağlı deyil. Bir sıra amillər bu prosesə təsir göstərir və onların hər biri mühüm əhəmiyyət daşıyır.

Bizim.Media  mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Rəqəmlər nə deyir?

Bu mövsüm Azərbaycan Premyer Liqasında geridə qalan səkkiz turu ümumilikdə 140 mindən bir qədər çox azarkeş izləyib. Bu, ötən mövsümün 33 turu ərzində qeydə alınan ümumi tamaşaçı sayının təxminən yarısıdır. Çempionatın hələ dörddəbir hissəsi belə keçirilmədiyini nəzərə alsaq, hazırkı göstərici kifayət qədər yaxşı hesab edilə bilər.

Koronavirus pandemiyasından sonra stadionların azarkeşlər üçün tam açıldığı dövrə nəzər salsaq, ən yüksək göstəricinin ötən mövsüm qeydə alındığını görərik. Keçirilən 198 qarşılaşmanı tribunadan təxminən 286 min azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla 1 443 tamaşaçının düşməsi deməkdir.
 

Təbii ki, futbol üçün bu, elə də yüksək göstərici deyil. Ancaq cəmi beş mövsüm əvvəl orta tamaşaçı sayının 795 nəfər olduğunu nəzərə alsaq, göstəricinin təxminən iki dəfə artması sevindirici haldır.


Hazırkı dinamika davam edərsə, mövsümün sonunda ötənilki nəticəni ikiqat üstələmək də mümkün görünür. Mövcud rəqəmlərə əsasən, çempionatın keçirilmiş 46 qarşılaşmasında orta tamaşaçı sayı 3 056 nəfər təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Beləliklə, azarkeş marağının artdığını əminliklə söyləmək olar.

Rəqabət marağı artırır

Son illərdə Azərbaycan futbolunda aparılan islahatlar klubların ümumi səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Komandaların sayının 12-yə çatdırılması ilə çempionatın miqyası genişlənib.

Yerli futbolçuların oyun vaxtına təsir göstərmək riski olsa da, legioner limitinin ləğvi klublara daha keyfiyyətli əcnəbi oyunçular cəlb etmək və daha iddialı komandalar qurmaq imkanı verib.

Bütün bunların fonunda ötən mövsüm "Qarabağ"ın uzun illər davam edən hegemonluğuna son qoyulub. "Sabah" həm Premyer Liqada, həm də ölkə kubokunda Ağdam klubunu üstələməyi bacarıb.

Bundan başqa, güclənən "Neftçi", daha iddialı çıxış edən "Turan Tovuz" və sabit oyun nümayiş etdirən "Zirə" də diqqət çəkir. Xüsusilə "Neftçi"nin uğurlu çıxışını və yenidən avrokuboklara vəsiqə qazanmasını qeyd etmək lazımdır.
 

Düzdür, "Neftçi" azarkeşləri komandanın çətin günlərində də "flaqman"ı tək qoymayıblar. Bununla belə, nəticələrin yaxşılaşmasının azarkeşlərin tribunaya gəlməsinə təsir göstərdiyi şübhəsizdir.


Tovuz stadionunda aparılan yenidənqurma işləri və işıqlandırma sisteminin qurulması da mühüm rol oynayıb. Bu yeniliklər oyunların daha münasib saatlarda keçirilməsinə imkan yaradıb və nəticədə "Turan Tovuz"un ev oyunlarına maraq artıb.

Beləliklə, rəqabətin güclənməsi azarkeş marağının artmasına təkan verir.

Gəncə effekti

Azərbaycan Premyer Liqasında bu mövsümün əsas qazancından danışarkən Gəncə şəhər stadionunu xüsusi qeyd etmək olar. Uzun müddət stadion problemi ilə üzləşən "Kəpəz" avqustun 30-da "Turan Tovuz"la Qərb derbisi çərçivəsində doğma arenasına qayıdıb.

Yenidən tikilən Gəncə şəhər stadionunda keçirilən ilk oyunu tribunadan 13 500 azarkeş izləyib. İlk qarşılaşmadan aydın olub ki, Gəncədə keçirilən oyunlar tamaşaçı marağı baxımından digər matçlardan fərqlənə bilər.

"Kəpəz"in bu mövsüm keçirdiyi beş oyunu ümumilikdə 68 minə yaxın azarkeş izləyib. Bu, çempionat üzrə ümumi tamaşaçı sayının az qala yarısıdır.

Bu mövsüm Gəncədə "Kəpəz"in "Qarabağ" və "Neftçi" kimi rəqiblərlə qarşılaşacağını nəzərə alsaq, tutumu 15 mindən çox olan stadionun belə kifayət etməyə biləcəyini söyləmək olar.
 

Hər bir halda, böyük futbolun Gəncəyə qayıtması və yerli azarkeşlərin sevimli komandalarını doğma arenada rahat şəkildə dəstəkləyə bilməsi Azərbaycan futbolu üçün müsbət haldır. Çünki Gəncə hər zaman ölkə futbolunun əsas mərkəzlərindən biri olub.


Doğma stadionda oynamaq "Kəpəz"in nəticələrinə də müsbət təsir göstərib. Son illərdə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "sarı-göylər" bu mövsüm daha sabit çıxışı ilə diqqət çəkir və üst sıralara yüksəlmək uğrunda mübarizə aparır.

Dinamika müsbətdir, amma...

Müşahidələr və konkret rəqəmlər Azərbaycan futbolunda azarkeş marağının artdığını göstərir. Bununla belə, bu sahədə hələ də ciddi problemlər mövcuddur.

Bəzi klubların stadion problemi ilə üzləşməsi və doğma rayonlarında oynaya bilməməsi onların azarkeş dəstəyindən məhrum qalmasına səbəb olur. Bu da çempionatın ümumi mənzərəsinə mənfi təsir göstərir.

Bu baxımdan xüsusilə "Araz-Naxçıvan" və "İmişli" klublarını qeyd etmək lazımdır. Naxçıvan təmsilçisi bir neçə il Bakıda məskunlaşdıqdan sonra bu mövsüm ev oyunlarını gah Qəbələdə, gah da Şamaxıda keçirir. Təsadüfi deyil ki, azarkeşlərin ən az maraq göstərdiyi qarşılaşmalar da məhz "Araz-Naxçıvan"ın ev oyunlarıdır.
 

Son məlumata görə, Naxçıvan şəhər stadionunda təmir işlərinə başlanılıb. Klub doğma şəhərinə qayıdarsa, bu, həm nəticələrinə, həm də komandanın oyunlarına olan marağa müsbət təsir göstərə bilər.


"İmişli" klubu isə Qubadan sonra hazırda ev oyunlarını Yevlaxda keçirir. Vaxtilə "MKT Araz"ın oyunları zamanı İmişlidə stadion tam dolurdu. Təəssüf ki, hazırda klubun bu problemin aradan qaldırılması üçün hansı real addımları atdığı aydın deyil.

Stadion problemi yaşayan Premyer Liqa klublarından biri də "Şəfa"dır. Komandanın köhnə "Şəfa" stadionuna köçəcəyi bildirilsə də, proses hələ başa çatmayıb. Buna görə də klub hazırda oyunlarını Sumqayıtda keçirmək məcburiyyətindədir.

Yeri gəlmişkən, "gənclik şəhəri"nin təmsilçisi "Sumqayıt" da əsas stadionunun ot örtüyündə yaranan problem səbəbindən ev oyunlarını ehtiyat stadionda keçirir. Bu vəziyyət də azarkeş sayına mənfi təsir göstərir.
 

Nəhayət, "Sabah" da uzun illər məskunlaşdığı Masazırı tərk edir. Komanda yaxın zamanda ev oyunlarını Mərdəkanda keçirəcək. "Sabah"ın azarkeşlərlə iş istiqamətində apardığı fəaliyyət müsbət nəticə vermiş və Masazırda komandanın azarkeş kütləsi formalaşmışdı. İndi isə klub bu prosesi Mərdəkanda yenidən qurmalı olacaq.


Bununla belə, ərazinin xüsusiyyətləri və Bakı kəndləri ilə işləmək imkanları "Sabah"a əlavə üstünlüklər qazandıra bilər.

Göründüyü kimi, Azərbaycan futbolunda azarkeş marağının artması istiqamətində müsbət dəyişikliklər var. Ancaq mövcud problemlər də kifayət qədər ciddidir və onların həlli diqqətdən kənarda qalmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin