Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün iqtisadi əməkdaşlığın uzunmüddətli perspektivdə ABŞ üçün faydalı olmayacağını bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski jurnalistlərlə dizal yanacağı mövzusunu müzakirə edərkən deyib ki, Rusiya da ABŞ-dan oxşar addımlar gözləyir.
Onun sözlərinə görə, bu addımlara gübrə və qaz tədarükü, dondurulmuş aktivlər, eləcə də digər şəxslərə və qurumlara qarşı sanksiyaların ləğvi daxildir.
Zelenski Rusiyanın böyük təbii resurslara malik olduğunu və bu sahədə mərkəzləşdirilmiş idarəetmə sistemindən istifadə etdiyini qeyd edib. Onun fikrincə, Moskva Vaşinqtona bir növ “iqtisadi nikah” təklif edə bilər.
“Belə bir “nikahın” uzunmüddətli perspektivdə Amerika üçün faydalı olacağı çətin görünür. Çünki Rusiyanın hər razılaşmasında ilk baxışdan görünməyən, sonradan üzə çıxan xoşagəlməz məqamlar var”, – deyə Zelenski vurğulayıb.
“The New York Times” daha əvvəl ABŞ-ın Rusiya Birbaşa İnvestisiyalar Fonduna qarşı sanksiyaları ləğv edə biləcəyini yazıb. Nəşrin məlumatına görə, Rusiya dizel yanacağının ABŞ-a tədarükü ilə bağlı danışıqlarda bu addımı tələb edib. ABŞ rəsmilərindən biri Donald Trampın belə bir ehtimalı nəzərdən keçirdiyini təsdiqləyib.
Bizim.Media
































































































