ABŞ-nin İrana qarşı hərbi əməliyyata çəkdiyi xərclər 47 milyard dollar qiymətləndirilir. Lakin Pentaqon bu məbləği rəsmi olaraq təsdiqləməyib.
Bizim.Media xəbər verir ki, bu qiymətləndirmə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) oktyabrın 16-da Konqresə təqdim etdiyi hesablamalarda yer alıb.
“The Hill” nəşri sənədi əldə edib.
Xərclərin təxminən 29 milyard dolları sursat ehtiyatlarının bərpasına, 6,1 milyard dolları itirilmiş hərbi texnikanın əvəzlənməsinə, təxminən 12 milyard dolları isə əməliyyatın aparılması ilə bağlı əlavə məsrəflərə aiddir.
Hesablamalarda ABŞ Hərbi Hava Qüvvələrinin hərbi hissələrin təminatı, hava daşımaları, bazaların saxlanılması, rabitə və döyüş bölgəsində nəqliyyat üçün ayırdığı 7,6 milyard dollar da göstərilib. Zədələnmiş ABŞ hərbi bazalarının bərpası xərcləri isə sənədə daxil edilməyib.
Sentyabrın əvvəlində Pentaqon münaqişənin dəyərini 43,6 milyard dollar qiymətləndirmişdi. Yeni hesablamada məbləğ təxminən 3,5 milyard dollar artıb.
Bu arada, ABŞ-ın dövlət borcu rekord həddə — 40,528 trilyon dollara çatıb. Son iki ayda borc 500 milyard dollar artıb. Avqustun 18-də 40 trilyon dollar həddini keçən dövlət borcu oktyabrın sonunda yeni maksimuma yüksəlib.
Bizim.Media






























































































