İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İşəgötürənlərin əmək kitabçası tələbi qanunidir? – RƏSMİ AÇIQLAMA

644703

Azərbaycanda əmək münasibətlərinin elektronlaşdırılması ilə əmək müqavilələrinin rəsmiləşdirilməsi prosesi yeni mərhələyə keçib. Hazırda əmək müqavilələri qanunvericilikdə nəzərdə tutulan istisnalar xaricində elektron qaydada bağlanır. Bununla belə, əvvəlki illərdə əldə edilmiş əmək stajının təsdiqi və kağız əmək kitabçalarının hansı hallarda tələb olunması məsələsi aktuallığını qoruyur.
 

Vətəndaşlardan hansı hallarda kağız əmək kitabçası tələb olunur? Əvvəlki illərdə əldə edilmiş əmək stajı məlumatlarının elektron sistemə köçürülməsi istiqamətində hansı işlər görülür və prosesin nə vaxt başa çatdırılması planlaşdırılır?


Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ölkədə əmək münasibətlərinin elektronlaşdırılmasına keçid təmin edilib.

Məlumatda vurğulanıb ki, hazırda əmək münasibətləri qanunvericilikdə nəzərdə tutulmuş hallar (Əmək Məcəlləsinin 7.2-1-ci maddəsində qeyd edilib) istisna olmaqla “Əmək və Məşğulluq” alt sistemi (ƏMAS) vasitəsilə yalnız elektron qaydada, əmək kitabçası tələbi olmadan rəsmiləşdirilir. Əmək Məcəlləsinin 7.2-1-ci maddəsində qeyd edilən vəzifələrdə çalışan işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir.

“Eyni zamanda, əmək münasibətlərinin elektronlaşdırılmasına keçid dövründən əvvəl əmək müqavilələrinə xitam verilmiş işçilərin əmək stajı elektron sistemdə görünmədiyindən, bu staj onarın əmək kitabçasındakı məlumatlar əsasında müəyyən edilir”, - məlumatda qeyd edilib.
 

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-1-ci maddəsinə əsasən, kağız üzərində yazılı formada əmək müqaviləsi bağlanması tələb olunan vəzifələrin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilib. Həmin siyahıya seçilməsi və ya təyin edilməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilən vəzifələr, eləcə də Prezident və ya onun tapşırığı ilə Nazirlər Kabineti tərəfindən təyinat aparılan vəzifələr daxildir.


Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və onun sədri tərəfindən seçilən və ya təyin edilən vəzifələr, prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük və vergi orqanlarında xüsusi rütbəli vəzifələr, xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr də bu siyahıya aiddir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin