Stomatologiyanın “səhnə arxası” – Çəkilən çürük dişlər hara gedir?

Hazırda oxunan: Stomatologiyanın “səhnə arxası” – Çəkilən çürük dişlər hara gedir?

644573

Heç düşünmüsünüzmü, stomatoloq dişi çəkdikdən sonra onun aqibəti necə olur? Bəzən, günlərdir ağrıyaraq bizə əziyyət verən, amma çıxarılandan sonra bəlkə də canımızın bir parçası olduğuna görə həmin dişin sonrakı taleyinin necə olacağını çoxumuz düşünmüşük.

Stomatoloji klinikalarda çıxarılan dişlər sadəcə zibil qutusuna atılmır. Atılırsa da bu yanlış addımdır və buna görə stomatoloqa irad bildirmək lazımdır. Ümumilikdə isə, bu dişlər bioloji təhlükəsizlik qaydalarına uyğun olaraq utilizasiya olunur. Onların hara gedəcəyi isə onun tərkibindən, üzərindəki materiallardan asılıdır.

Qeyd edək ki, çəkilən dişlər insan toxuması və qanla təmasda olduğu üçün potensial infeksiya mənbəyi sayılır. Buna görə də onlar digər tullantılardan tamamilə ayrılır, xüsusi torbalara qoyulur, sonra sarı tibbi tullantı qutularına yığılır. Əksər tibbi tullantılar kimi, dişlər də çox yüksək dərəcəli (təxminən 850°C - 1100°C) xüsusi sobalarda yandırılaraq külə çevrilir.

Əgər çıxarılan dişin üzərində köhnə civə tərkibli plomb varsa, o, yandırılma zamanı zəhərli qaz ifraz etməsinin qarşısını almaq üçün digər dişlərdən ayrılır və xüsusi kimyəvi qablarda saxlanılır. Bəzi hallarda tullantılar yüksək təzyiqli buxarla tamamilə mikroblardan təmizlənir, zərərsizləşdirilir və daha sonra xüsusi poliqonlarda basdırılır.

Dişlərə “ikinci həyat” verilə bilərmi?

Hər diş utilizasiya olunmur. Bəzən “səhnə arxasında” fərqli ssenarilər də baş verir. Xüsusən də diş həkimi olmağa hazırlaşan tələbələr üçün belə dişlər hədiyyə sayılır. Belə ki, hansısa maketlə deyil, real dişlər, onların cürükləri, kanalları üzərində işləməklə, plomb qoymaqla, yonmaqla bu sənətin sirlərini öyrənirlər. Amma bunun üçün dişlər əvvəlcə günlərlə xüsusi kimyəvi məhlullarda saxlanılaraq tam steril vəziyyətə gətirilir.

Bəs xəstə öz dişini geri istəyərsə?

Bəzi xəstələr yuxarıda qeyd etdiyimiz kimi canının bir parçası olan dişinin atılmasını istəmir. Xüsusilə də uşağının süd dişlərini saxlayan analar da var. Əslində qanun bunu Azərbaycanda, ya da başqa ölkələrdə yasaqlamır. Sadəcə konkret olaraq klinikanın öz daxili qaydalarına görə verilməyə bilər. Lakin bundan qabaq diş həkim tərəfindən yaxşıca dezinfeksiya edilməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin