Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Ordusunun bölük komandirlərinə bölmələrin daimi döyüş hazırlığını təmin etməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, bu barədə oktyabrın 28-də Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Kim Çen İn bildirib ki, bölük komandirlərinin əsas vəzifəsi fasiləsiz və intensiv hərbi təlimlər vasitəsilə bölmələrin müharibəyə tam hazırlığını təmin etməkdir.
O, komandirlərin yüksək döyüş qabiliyyətinə, möhkəm inqilabi əqidəyə və vətənpərvərlik ruhuna malik bölmələr formalaşdırmalı olduqlarını vurğulayıb. Şimali Koreya liderinin sözlərinə görə, ordunun gücü təkcə müasir silahlardan deyil, həm də şəxsi heyətin hazırlıq səviyyəsindən və bölmələrin döyüş imkanlarından asılıdır.
Oktyabrın 27-də Koreya Xalq Ordusunun bölük komandirlərinin III toplantısının iştirakçıları ilə görüş keçirilib. Tədbirdə ölkənin müdafiə naziri Kim Son Gi, Baş Qərargah rəisi Li Yon Gir və digər yüksək rütbəli hərbi rəhbərlər iştirak ediblər.
Kim Çen İn oktyabrın 24-də də güclü ordu yaradılmasının ölkə rəhbərliyinin əsas vəzifələrindən biri olduğunu bildirib. O, silahlı qüvvələrin əsasını təşkil edən bölüklərin döyüş qabiliyyətinin artırılmasını ordunun gücləndirilməsində mühüm amil adlandırıb.
Bizim.Media




























































































