Təmir və yenidənqurma işləri ilə əlaqədar oktyabrın 28-də Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
“Azərişıq” ASC-dən Bizim.Media-ya verilən məlumata görə, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Yasamal və Nəsimi rayonlarının enerji təchizatı və satışı idarələrinin (RETSİ) xidməti ərazilərində yerləşən bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nə daxil olan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Həmçinin Qaradağ rayonu ərazisində yeni komplekt transformator məntəqəsi quraşdırılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, həmçinin Yeni Yasamal 1 və 2 yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nəsimi rayonunda Rasim Səfərov küçəsi və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 1-ci və 2-ci massivlərdə isə saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bildirilib ki, həyata keçirilən işlər elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsinə və artan yük tələbatının qarşılanmasına xidmət edir.
Bizim.Media






























































































