Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində tam maaş almaqla 2009-cu ildən bəri xəstəlik məzuniyyətində olan 62 yaşlı müəllimə qalmaqala səbəb olub. Yerli hakimiyyət orqanları onu təqaüdə çıxarmaq istəsə də, müəllimə bu qərardan məhkəməyə şikayət edib. Eyni zamanda ona qarşı dələduzluq maddəsi üzrə cinayət işi araşdırılır.
Bizim.Media “euronews”a istinadən xəbər verir ki, uzun illər Venzel şəhərindəki peşə kollecində çalışan dövlət qulluqçusu statuslu müəllimə psixoloji problemlərini əsas gətirərək ardıcıl olaraq tibbi arayışlar təqdim edib.
Təəccüblüdür ki, uzun illər ərzində rəsmi tibbi komissiya müayinəsi təyin olunmayıb. Yanız bu il dövlət həkim ekspertizası onun yaxın altı ay ərzində pedaqoji fəaliyyətə qayıtmasının mümkün olmadığı qənaətinə gəlib.
Düsseldorf dairə administrasiyası mayın sonunda müəllimənin pensiyaya çıxarılması barədə qərar qəbul edib. Lakin 62 yaşlı qadın bu qərarla razılaşmayaraq Düsseldorf İnzibati Məhkəməsində iddia qaldırıb.
Məhkəmə prosesi bitənədək ona pensiya həcmində ödənişlər ediləcək, iddia təmin olunarsa, qalan məbləğ ödəniləcək.
Paralel cinayət araşdırması və intizam icraatı
Məsələ təkcə inzibati məhkəmə ilə bitmir. Duysburq prokurorluğu müəlliməyə qarşı külli miqdarda dələduzluq şübhəsi ilə istintaq aparır. Hüquq-mühafizə qüvvələri ehtimal edir ki, qadın saxta xəstəlik arayışları təqdim etdiyi dövrdə gizli şəkildə alternativ təbabət (xalq təbabəti) mütəxəssisi kimi fəaliyyət göstərərək qanunsuz gəlir əldə edib. Mart ayında onun evində axtarış aparılıb və elektron daşıyıcılar müsadirə olunub.
Eyni zamanda, Düsseldorf dairə administrasiyasının cavabdeh əməkdaşına qarşı da intizam işi açılıb. Həmin məmur müəllimənin əmək qabiliyyətini itirməsini illərlə lazımi qaydada yoxlamamaqda və səhlənkarlıqda ittiham olunur.
Bizim.Media






























































































