Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən park əsaslı şəkildə yenidən qurulur.
Bizim.Media xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yenidənqurma işləri aparılan park bir hektardan çox ərazini əhatə edir.
Layihəyə əsasən, altı min kvadratmetrdən çox ərazidə yeni yaşıllıq zolaqları salınacaq, müxtəlif növ ağaclar və dekorativ gül kolları əkiləcək. Sakinlərin rahat gəzintisi və istirahəti üçün parkın piyada yollarının beş min kvadratmetrdən çox hissəsinə tamet plitələri döşənəcək, ərazidə yeni oturacaqlar quraşdırılacaq.
Parkdakı mövcud fəvvarələr müasir memarlıq üslubunda yenidən qurulur, ərazinin işıqlandırma sistemi isə tamamilə yenilənir. Yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılması, parkın şəhər sakinlərinin və qonaqlarının istifadəsinə verilməsi nəzərdə tutulur.
Bizim.Media





































































































