Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar - VİDEO

Hazırda oxunan: Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar - VİDEO

636248

Bolqarıstanın mərkəzi hissəsində yerləşən Qabrovo vilayətində silah istehsalçısı “EMCO” şirkətinə məxsus sursat anbarlarında güclü yanğın və ardıcıl partlayışlar baş verib.

Bizm.Media xəbər verir ki, Bolqarıstan mediasının məlumatına görə, hadisə sentyabrın 11-dən 12-nə keçən gecə Tryavna şəhəri ilə Tsareva Livada kəndi arasındakı Qorni Varpışta yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Yanğın barədə ilk siqnal yerli vaxtla təxminən saat 23:20-də daxil olub.

“EMCO” şirkətinin nümayəndəsi Slavço Dimiev Bolqarıstan mediasına bildirib ki, hadisənin baş verdiyi obyekt hərbi təyinatlı sursat və barıtların saxlanıldığı anbar kompleksidir. Yanğın zamanı ərazidə ardıcıl partlayış səsləri eşidilib, alovun yaratdığı güclü işıq isə kilometrlərlə uzaqdan müşahidə olunub.
 

Qabrovo vilayətinin rəhbərliyi bildirib ki, yanğın anbar kompleksinin daxilində bir sahədən digərinə yayılıb. Hadisə yerinə yanğınsöndürmə və təhlükəsizlik qüvvələri cəlb olunub, ərazi polis tərəfindən mühasirəyə alınıb. Yaxınlıqdakı yollarda hərəkət məhdudlaşdırılıb.


İlkin məlumatlara görə, hadisə zamanı ölən və yaralanan olmayıb. Anbarlarda insanların olmadığı, mühafizə heyətinin təhlükəsiz əraziyə çıxarıldığı bildirilir. Hadisə ilə əlaqədar Bolqarıstanın milli fövqəladə xəbərdarlıq sistemi BG-Alert də işə salınıb. Yerli sakinlərdən hadisə zonasına yaxınlaşmamaq və aidiyyəti qurumların göstərişlərinə əməl etmək tələb olunub.

Yanğının və partlayışların səbəbi hələ müəyyənləşdirilməyib. Səlahiyyətli qurumlar təhlükəsizlik şəraiti imkan verdikdən sonra ərazidə araşdırmaya başlanacağını bildiriblər. Buna görə hazırkı mərhələdə insidentin texniki nasazlıq, insan amili və ya başqa səbəbdən baş verdiyinə dair nəticə çıxarılmır.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu, son həftələrdə “EMCO”nun obyektlərində qeydə alınan ikinci ciddi insidentdir. Avqust ayında şirkətin başqa bir sursat obyektində də partlayış və yanğın baş vermişdi.
 

“EMCO” və onun sahibi, bolqar silah taciri Emilian Gebrev əvvəlki illərdə də Bolqarıstanda baş vermiş sursat anbarı partlayışları ilə bağlı araşdırmaların mərkəzində olub. Bolqarıstan prokurorluğu keçmişdə bir sıra partlayışların mümkün təxribat xarakteri daşıdığına dair versiyalar irəli sürüb. Lakin sentyabrın 12-də baş verən hazırkı hadisə ilə həmin əvvəlki işlər arasında hər hansı əlaqə barədə rəsmi məlumat yoxdur.


Bolqarıstan regionun mühüm müdafiə sənayesi mərkəzlərindən biridir. Ölkədə istehsal olunan sursat və digər hərbi məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur. Buna görə hərbi istehsal və saxlama obyektlərində baş verən bu cür hadisələr təkcə daxili təhlükəsizlik deyil, Avropanın müdafiə təchizatı zəncirləri baxımından da diqqətlə izlənilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin