40 mindən çox doğum, 1126 atalıq məzuniyyəti - Səbəb nədir?

Hazırda oxunan: 40 mindən çox doğum, 1126 atalıq məzuniyyəti - Səbəb nədir?

636104

Azərbaycanda bu ilin əvvəlindən 1 126 işçiyə uşağının doğulması ilə əlaqədar atalıq məzuniyyəti verilib. Əmək qanunvericiliyində kişilər üçün bu hüquq yeni tətbiq olunsa da, rəqəm ölkədə doğulan uşaqların sayı ilə müqayisədə kifayət qədər aşağı görünür. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkədə 40 798 doğum qeydə alınıb.

Bəs atalıq məzuniyyətindən istifadə edənlərin sayının nisbətən az olmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Mail Yaqub səbəb kimi maarifləndirmə səviyyəsini görür:

“Bu hüquqdan istifadə edilmirsə, bu, hüquqi maarifləndirmənin zəif olması deməkdir. Hüquqi maarifləndirmə odur ki, hər hansı hüquqda imkan, qayda-qanun var, amma vətəndaşların bundan xəbəri yoxdur.
 

İnsanların bundan xəbərdar olması üçün bu hüquqi qaydaları daim onlara çatdıran şəxslər olmalıdır. Hüquqşünaslar canlı yayımlar açmalı, müxtəlif platformalarda insanlara öz hüquqlarını izah etməlidirlər”.


Azərbaycanda hüquqi maarifləndirmə məsələsi çox zəifdir, insanlar öz hüquqlarını az bilirlər

Hüquqşünas Ruslan Mustafayevin fikrincə isə, burada həm də işəgötürənin üzərinə düşən öhdəliklər rol oynaya bilər.

“Vətəndaşların əksəriyyətinin öz hüquqlarını bilmədiyi üçün vaxtında və məqamında bu hüquqlardan istifadə etməməsi fikri ilə razıyam. Əmək hüquqları ilə bağlı sahədə maarifləndirmə kifayət qədər azdır və ataların da belə bir atalıq məzuniyyəti hüququnun olması barədə demək olar ki, məlumatları yoxdur.

Məsələ təkcə maarifləndirmədə deyil. Bu, həm də işəgötürən tərəfindən həyata keçiriləcək bir tədbirdir. Necə ki, digər hüquqlarla bağlı işəgötürənin işçilərin hüquqlarının təmin edilməsində öhdəliyi vardır, eləcə də insan resursları sahəsində çalışanların atalıq məzuniyyəti hüququ yaranan şəxslərə bu hüquqdan istifadə etmək imkanlarının olduğunu izah etməlidirlər”, - hüquqşünas vurğulayır.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilir.

Bu məzuniyyət işçinin müraciəti əsasında, uşağın doğulması ilə əlaqədar və qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Atalıq məzuniyyəti dövründə işçinin əmək müqaviləsi üzrə əməkhaqqı saxlanılır. Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin