ABŞ kəşfiyyat orqanları Rusiyanın İranın Fars körfəzindəki Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) obyektlərinə endirdiyi zərbələrdə mümkün rolunu araşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumatlı mənbələrə istinadən yazıb.
Agentliyin məlumatına görə, mütəxəssislər Moskvanın Tehrana hədəflərlə bağlı kəşfiyyat məlumatı və ya pilotsuz uçuş aparatları üçün qabaqcıl texnologiyalar təqdim edib-etmədiyini araşdırırlar.
Bununla yanaşı, mənbələr vurğulayıblar ki, Rusiyanın mümkün iştirakı ilə bağlı hələlik yekun nəticəyə gəlinməyib.
Reuters yazır ki, şübhələr İranın həyata keçirdiyi hücumların yüksək dəqiqliyi və Rusiyanın Tehrana göstərdiyi texniki dəstək fonunda yaranıb.
Məlumata görə, mart ayında ən azı iki CIA obyektinə zərbələr endirilib. Bunlardan biri ABŞ-ın Ər-Riyaddakı səfirliyində yerləşən CIA stansiyası, digəri isə İraqın şərqində yerləşən ayrıca obyektdir. Agentliyin mənbələri digər mümkün hücumlar barədə də məlumat versələr də, təfərrüat açıqlanmayıb.
Mənbələrdən biri bildirib ki, Rusiya İranın istifadə etdiyi "Şahed" pilotsuz uçuş aparatlarının dəqiqliyini artırmaq üçün Tehrana "Kometa-M" peyk naviqasiya sistemi təqdim edib. Bu sistemin İran istehsalı analoqlarla müqayisədə daha dəqiq və radioelektron maneələrə qarşı daha davamlı olduğu qeyd edilir.
Eyni zamanda, bəzi analitiklər istisna etmirlər ki, İranın əsas hədəfi ümumilikdə ABŞ səfirliyi olub və CIA obyekti təsadüfən zərbə altına düşüb.
Bizim.Media



































































































