13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib.
Xəyal Əli-Zadə 2013-cü ildə Qaradağ rayon Polis İdarəsində İctimai təhlükəsizlik şöbəsinin rəisi işləyib. Polkovnik-leytenant rütbəsi ilə xidmət edib.
O, xidməti səlahiyyətlərini icra etmək əvəzinə, vəzifəsindən və maddi imkanlarından istifadə edərək Vüsal Şilderə qarşı cinayət planı qurub. Əvvəlcə bir neçə dəfə Vüsaldan həyat yoldaşının bacısı Lalə ilə münasibətini dayandırmağı tələb edib. Lakin Vüsal onun tələbini qəbul etməyib. Bundan hiddətlənən Xəyal onu öldürtdürmək qərarına gəlib.
Xəyal Vüsalı öldürtdürmək üçün tanışı Seymur Talıbovdan adam tapmasını istəyib. Bunun qarşılığında da Seymura 10 min manat pul verib.
Seymur Talıbov bu işi həll etmək üçün əvvəllər dəfələrlə məhkum edilmiş Elman İsgəndərovu tapıb. Seymur Siyəzən rayonundan gələn Elmana əvvəlcə 100 manat pul və bıçaq verib. Ona Bakı şəhərində qalmağa yer təşkil edib.
Xəyal Əli-Zadə isə Elmanla Seymura həbs edilməyəcəkləri barədə də vəd verib. Elman İsgəndərov Vüsal Şilderi universitetdən çıxandan sonra bir neçə bıçaq zərbəsi vurmaqla qətlə yetirib. Elman qətli icra etdikdən sonra cinayət aləti olan bıçağı kanalizasiyaya atıb.
Bu əməlinə görə Xəyal Əli-Zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham verilib. Hakim müttəhimin nəzərinə çatdırıb ki, təqsiri sübuta yetirilsə, onu 14 ildən 20 ilə kimi və ya ömürlük həbs cəzası gözləyir.
Xəyal Əli-Zadə isə özünü təqsirli bilmədiyini deyib. O, indiki halda ifadə verməkdən də imtina edib.
Proses oktyabrın 20-də davam edəcək.
Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov hadisə baş verəndən sonra mühakimə edilib. Elman 15, Seymur 12 il azadlıqdan məhrum edilib.
Bizim.Media






























































































